Araz Əlizadə: “Arif Yunus bədbəxt adamdır...” MÖVQE

Araz Əlizadə: “Arif Yunus bədbəxt adamdır...” MÖVQE

"Birincisi, bunlara siyasi məhbus anlamnın heç bir dəxli yoxdur. Bunlar QHT təmsilçiləri, media mənsubu və hüquq müdafiəçiləridirlər. Müvafiq orqanların əlində də sübut və dəlillərə əsaslanan sənədlər var ki, bunlar qanunu pozublar. Ona görə də nədən bunlar siyasi məhbus adlandırırlar mən bunu başa düşə bilmirəm". Sözügedən fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə müxalifət düşərgəsində "siyasi məhbuslar"la bağlı müdafiə komitələrinin yaradılması ilə bağlı münasibətini bildirərkən deyib.

Araz Əlizadənin fikrincə, əslndə, siyasi məhbus adı qoyulan kəs siyasətçi olmalıdır: "Ancaq bildiyimiz qədər bunlar siyasətçi deyillər. Olsalar-olsalar, bunlar siyasətbazlıqla məşğuldurlar. Məsələn, Leylanı Azərbaycanda tanıyanlar hamısı bilir ki, bu qadın ancaq özünə, öz maraqlarına, mənfəətinə işləyib. Millət, xalq, başqa bu kimi məsələlərə heç bir aidiyyatı olmayıb. Arif Yunus bədbəxt insandır. Yəni o da arvadının badına gedib. Arvadı nə deyibsə, o da əmrə müntəzir olub".

ASDP sədri Rauf Mirqədirovla bağlı fikrini bildirdikdə isə qeyd edib ki, o zamanında normal jurnalistika fəaliyyəti ilə məşğul olub, ancaq sonradan Leyla Yunusun toruna düşüb: "Mirqədirova gəldikdə isə o, normal bir jurnalist idi və sonradan nə oldusa bilmirəm. Çox yəqin ki, o da Leyla Yunusun badına getdi və tələyə düşdü. Çox qəribədir ki, Rauf həbs ediləndə Leyla demişdi ki, əgər onu həbs ediblərsə, onda məni də həbs edin. Sonrasında isə hər kəs gördü ki, Leyla Yunus hətta şahid qismində prokurorluğa getməkdən imtina edirdi. Elə bu hərəkətin özü Leylanın "mənəvi" tərəfini bütün çılpaqlığı ilə göstərir.

Araz Əlizadə İntiqam Əliyevin hüquq müdafiəçisi olduğunu xatırladıb və onun üçün hər hansı bir müdafiə komitəsinin yaradılmasını ilginc məqamlara şərh edib: "İntiqam Əliyevə gəldikdə isə, biz onu da hüquq müdafiəçisi kimi tanıyırıq və o özünün hüquqlarının müdafiəsini həyata keçirə bilər. Yəni burada nə İsanın, nə də ki, Əlinin müdafiəçiliyinə ehtiyac duyulmur. Lap əlli dənə, yüz dənə müdafiə komitəsi yaratsınlar".

ASDP sədri həbs olunanların səmimi şəkildə hüquqlarının müdafiə edilmədiyini izah edərkən deyib ki, sözügedən müdafiə komitələri burada qrant üstündə bir-birlərini parçalamağa hazırdırlar: "Bildiyimiz kimi müdafiə komitələri yarananda xaricdən bu müdafiə komitələrinin işi üçün qrantlar ayrılır. Burada əsas mübarizə qrant ətrafındadır. Bunun ayrı bir mənası yoxdur. Son 20 ildə ölkədə maraqlı bir vəziyyət formalaşıb – qrantyeyənlər zümrəsi əmələ gəlib və həmin bu qrantyeyənlər ancaq və ancaq qrant naminə insan hüquqlarının müdafiəsini həyata keçirməyə cəhd göstərirlər. Özü də kimi istəsən, onu da müdafiə edirlər".

Araz Əlizadə xatırlatdı ki, keçmiş səhiyyə naziri Əli İnsanov öz vəzifəsini icra etdiyi dövrlərdə "Azadlıq", "Yeni Müsavat" kimi mətbu orqanlar onu hətta "Heyvanov" adı ilə təhqir belə edirdilər: "Ancaq həbs olunduqdan sonra döndü oldu "vicdan məhbusu". Bunlar həm də "siyasi məhbus" məsələsi ilə "vicdan məhbusu" məsələsini qarışdırırlar. Mən bilmirəm, nə vaxtadn rüşvətxor, korrupsioner dönüb olub "vicdan məhbusu". Əgər belələrinə "vivdan məhbusu" adları qoyulursa, onda onları elə vicdansızlıqlarına görə, vicdanları olmadığına görə "vicdan məhbusu" elan edirlər".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə