"Beynəlxalq ictimaiyyət hələ də Ermənistanın təxribatçı fəaliyyətinə stimul verir" Münasibət
"Ermənistan ordusunun son günlər ərzində təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi və kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstərməsi bir daha bəzi həqiqətləri ortaya çıxardı. Bu reallıq təsdiqini tapdı ki, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi olmaqla yanaşı, ədalətsiz və riyakar yanaşmadır". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Sevinc Fətəliyeva dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlar əsasında yanaşması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, digər dövlətlərə də qarşı ərazi iddialarını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin loyal münasibəti və cəzasızlıq mühitindən istifadə edərək beynəlxalq hüquq normalarını heçə sayır: "Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. İşğalçı ölkə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunan status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur".
Beynəlxalq ictimaiyyətin Ermənistana qarşı adekvat tədbirlər görülməsinin vacibliyindən danışan S. Fətəliyeva əlavə edib ki, artıq bu ölkəyə qarşı sanksiyaların tətbiq olunması məsələsi gündəmdədir: "Bu, hazırki şəraitdə məqbul və ədalətli seçim olar. Çünki beynəlxalq hüquq normaları tam əsas verir ki, Ermənistana sanksiyalar tətbiq edilsin, işğalçı ölkə işğal edilmiş əraziləri boşaltmağa vadar olunsun. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də öz loyallığı ilə Ermənistanın təxribatçı, aqressiv fəaliyyətinə stimul verir. Əslində, beynəlxalq hüququn mühüm keşikçiləri sayılan beynəlxalq təşkilatların, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun ərazi bütövlüyü prinsipinə zidd olaraq Azərbaycan torpaqlarında yerləşən və bölgədə gərginliyə səbəb olan Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılmasını tələb etməməsi onlara heç də başucalığı gətirməyən ikili yanaşmanın aydın təzahürüdür. Bütövlükdə, Ermənistanın son günlər ərzində cəbhə xəttində atəşkəsi pozaraq təxribatlar törətməsi bu ölkənin sülh danışıqlarına, atəşkəs rejiminə, bütövlükdə beynəlxalq hüquq normalarına yanaşmasını göstərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB