Əli Həsənov: "ATƏT-in Minsk qrupu etimadı Azərbaycana deyil, Ermənistana öyrətməlidir"

Əli Həsənov: "ATƏT-in Minsk qrupu etimadı Azərbaycana deyil, Ermənistana öyrətməlidir"

"ATƏT-in Minsk qrupu etimadı Azərbaycana deyil, Ermənistana öyrətməlidir". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Baş nazirin müavini bildirib ki, Minsk qrupunun dövlətləri son vaxtlar etimad sözünü ortaya atıblar: "Qoy bilsinlər ki, bizə həmin etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib, o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar. Azərbaycan artıq onlara inanmır. ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib".

Ə. Həsənov Ağdamın gec-tez erməni işğalından azad ediləcəyini də qeyd edib: "Təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir və oranı işğaldan azad edəcəyik. Buna tam əminik".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə