Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər media nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına tər gül dəstələri qoyub, ruhunu ehtiramla yad ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək jurnalistləri peşə bayramları münasibəti ilə təbrik edib, mətbuatın cəmiyyətin inkişafındakı rolundan danışıb.
İcra başçısı bildirib ki, cəmiyyətin tərəqqisində hadisələri obyektiv işıqlandıran KİV nümayəndələrinin rolu böyükdür.
X. İsgəndərov Binəqədi rayonunda reallaşdırılan abadlıq-quruculuq işlərindən danışaraq, "Təmiz Binəqədi" layihəsinin əhəmiyyətini vurğulayıb.
Çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın şərəfli tarixindən söz açıb. Bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatı çox ağır günlərini yaşayıb: "Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mətbuatımız inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi".
Daha sonra çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, media mənsubları Prezident İlham Əliyevin diqqət və qayğısını hər zaman üzərlərində hiss ediblər: "Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və digər kifayət qədər faktlar dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətinin nümunəsidir".
Daha sonra ölkənin aparıcı qəzet baş redaktorlarına Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyələri təqdim olunub.
Sonda jurnalistlər üçün xüsusi olaraq hazırlanan tort kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB