Sahibə Qafarova: “Professional media hər yerdə professionaldır” AÇIQLAMA

Sahibə Qafarova: “Professional media hər yerdə professionaldır” AÇIQLAMA

"Azərbaycan mediasının cəmiyyətin fikrinin formalaşmasında, eləcə də dövlətimizin uğurlu siyasətinin işıqlandırılmasında çox böyük rolu var". Bunu SİA-ya millət vəkili Sahibə Qafarova media və cəmiyyət münasibətlərindən danışarkən deyib.

Deputatın sözlərinə görə, medianın ayrı-ayrı növləri var: "Hər bir media orqanının konsepsiyası digərindən fərqlidir. Bu mənada hesab edirəm ki, son bir il ərzində media böyük uğurlar qazanıb. Mənim hər zaman mediaya böyük hörmətim olub. Düşünürəm ki, professional media hər yerdə professionaldır.

Təbii ki, jurnalistikamızın müəyyən zəif tərəfləri də var. Hesab edirəm ki, jurnalistlərin səviyyəsi, peşəkarlığı daha da yüksək olmalıdır. Təbii ki, bunun üçün də ölkəmizdə potensial var. Azərbaycan dövləti tərəfindən medianın inkişafına hər bir dəstək mövcuddur.

Bu da bir faktdır ki, bu gün internet media mühüm rola malikdir. Oxucu istənilən yolla informasiya əldə etmək imkanına malikdir. Təbii ki, burada həm qəzetin, həm də internet medianın özünəməxsus rolu var. Bu gün Azərbaycanda çox böyük işlər görülür və burada medianın da önəmi xüsusilə seçilir".

Bütün xəbərlər Facebook səhifəmizdə