Sərdar Cəlaloğlunun daha bir müdaifəçisi tapıldı MÜNASİBƏT

Əli Əliyev: “Bu kimi məsələlər AXCP-də nəzərə alınmır”
Sərdar Cəlaloğlunun daha bir müdaifəçisi tapıldı MÜNASİBƏT

ADP sədri Sərdar Cəlaloğlunun AXC-nin 25 illik yubileyindəki qalmaqallı çıxışından sonra onun fitə basılması və nitqini yarımçıq kəsərək zalı tərk etməsi hələ də gündəmdə qalmaqdadır. Müxalifət düşərgəsində təmsil olunan bir sıra partiya yetkililəri ADP sədrinin tərəfini saxlayaraq, bilavasitə AXCP sədri Əli Kərimlini qınamaqdadırlar. SİA-nın məlumatına görə, bu dəfə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Cəlaloğlunun müdafiəsinə qalxıb.

VİP sədri deyib ki, Sərdar Cəlaloğluna qarşı AXC tədbirində sərgilənən davranış siyasi dözümsüzlüyün ən bariz nümunəsidir: " Bildiyimiz kimi, Sərdar bəy həmin toplantıya qonaq kimi çağırılıb. Qonağa hörmət eləmək isə hər bir kəsin borcudur. Görünür, bu kimi məsələlər AXCP-də nəzərə alınmır. Bu səbəbdən də özlərinin dəvət etdiyi qonağa qarşı hörmətsiz münasibət ortaya qoyurlar. Bu, yaxşı hal deyil və belə bir hal təqdir oluna bilməz. Hətta bu məsələ tənqid edilməli və qınanmalıdır".

Bu arada ADP sədri Sərdar Cəlaloğlu məlum hadisədən sonra mətbuata açıqlamasında AXCP-yə meydan oxumağı da unutmayıb. Partiya sədri bildirib ki, AXC-nin 25 illik yubiley tədbirində yaşananlara rəğmən AXCP tərəfindən təşil edilən tədbirlərdə iştirak etməyə hazırdır: "Əgər bundan sonra AXCP məni yüz tədbirə dəvət etsə, yüzünə də gedəcəm. Gedəcəm və yenə də öz düşündüklərimi, doğru bildiklərimi danışacam. Bundan heç kimin şübhəsi olmasın. Mən kimdənsə tərif və ya tənqid eşitmək üçün çıxış etmirəm. Mən insanlara həqiqəti çatdırmaq üçün çıxış edirəm. Əgər bu çıxışlar kiməsə sərf etmirsə, kimisə narazı salırsa, bu onların öz problemidir".

Qeyd edək ki, bundan öncə Müsavat Partiyası, Ümid Partiyası və AzDP rəhbərliyi də Sərdar Cəlaloğluna dəstək vermiş, AXCP rəhbərliyini isə sərt şəkildə qınanmışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə