Artıq Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi hər il ənənəvi qaydada həyata keçirilən "Yay məktəbi" layihəsinin ikinci turuna start verib. SİA-nın məlumatına görə, bununla bağlı YAP-ın Mərkəzi Qərargahında toplantı keçirilib. Toplantıda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP-ın Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev və Oğuz rayonundakı "Afra" otelə və Lerik rayonunda yerləşən "RELAX" istirahət mərkəzinə yollanacaq gənclər iştirak edib.
YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov iclasda çıxış edərək hər il həyata keçirilən "Yay məktəbi" layihəsinin məqsədinin gənclərin biliklərinin möhkəmləndirilməsi, istirahətinin səmərəli təşkili olduğunu qeyd edib: "Bu il "Yay məktəbi" layihəsi daha da geniş şəkildə təşkil olunacaq. Belə ki, sabahdan başlayaraq 800 gənc 5 mərhələdə Lerik və Oğuzda "Yay məktəbi"ndə iştirak edəcək. Burada Bakı şəhəri ilə yanaşı, regionlardan olan gənclər də iştirak edəcək.
Layihə çərçivəsində nəzərdə tutulmuş proqrama görə, gənclərin ictimai-siyasi şəxslər və region gəncləri ilə görüşləri, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər və s. təşkil olunacaq. Layihənin icrası partiyanın rəhbər şəxslərinin nəzarətində olacaq. Ancaq "Yay məktəbi"ndə əsas iş gənclərə həvalə olunub".
YAP rəsmisi gənclərə layihə çərçivəsində nəzərdə tutulan proqramdan kənara çıxmamağı və intizam qaydalarına ciddi əməl etmələrini tövsiyə edib. O, gənclərin və xanımların ölkənin ictimai-siyasi həyatında rolunun daha da artırılması istiqamətində YAP-ın daima işlər apardığını, qarşıdan gələn bələdiyyə seçkiləri zamanı daha çox gənclər və xanımların namizədliyinin irəli sürüləcəyini vurğulayıb.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev də çıxış edərək gənclərə asudə vaxtlarının daha səmərəli keçirmələri üçün onlara uğurlar arzulayıb.
Sonda tədbir iştirakçılarına layihənin proqramı haqqında məlumatlar verilib.
Xatırladaq ki, "Yay məktəbi"nə yollanan ilk qrup artıq Bakıya qayıdıb. İyulun 6-dan 11-dək davam edən "Yay məktəbi" çərçivəsində hər birində 150-ə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında olub, keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail olublar.
Ümumilikdə avqustun birinci on günlüyünə qədər davam edəcək "Yay məktəbi"ndə 800-ə yaxın gənc iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB