Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin yaranmasının iki illiyi münasibətilə hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, MMC-nin sədri Şahvələd Əliyev deyib ki, Azərbaycan Prezidentinin 13 iyul tarixli 681 saylı fərmanı ilə "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC yaradılıb. Yeni cəmiyyət vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələri üçün xüsusi hərbi ixtisaslar üzrə daha geniş miqyasda mütəxəssislər hazırlanacaq: "Bununla belə ordu üçün mütəxəssisləri "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC hazırlayacaq. Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 14 may 2014-cü il tarixli 147 nömrəli Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı" təsdiq edilib. Bununla əlaqədar kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasından snayperlərin hazırlanması üçün lazımi sənədlər hazırlanıb.
Cəmiyyyətin filiallarında vətəndaşların texniki ixtisaslar üzrə hazırlığı ilə yanaşı, 53 filialda Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı həyata keçirilir.
Ordumuzun sürücü mütəxəssislərə olan tələbatının böyük hissəsi MMC tərəfindən təmin edilir. Bundan əlavə, sifariş əsasında ordumuz üçün aşpaz ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu ixtisas üzrə hazırlıqlar isə peşə liseylərindən müqavilə əsasında cəlb edilmiş peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
Aşpaz kursları yalnız Cəmiyyətin Sabunçu, Xaçmaz rayon və Sumqayıt şəhər 1 nömrəli filiallarında həyata keçirilir. Növbəti mərhələdə sifarişdən asılı olaraq bu kursların Yevlax, Mingəçevir, Gəncə şəhərlərində, eyni zamanda Balakən və Tovuz rayonlarında da təşkil edilməsi nəzərdə tutulub.
Hesabat dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi ilə 15000 nəfər "B" və "C" kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü, 253 nəfər aşpaz mütəxəssis hazırlanıb. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq hazırki dövrədək 82620 nəfər müxtəlif kateqoriya üzrə sürücü mütəxəssis, eyni zamanda 154 nəfər paraşütçü hazırlanıb.
Gələcəkdə MMC tərəfindən daha geniş miqyasda və peşəkar mütəxəssislərin hazırlanması üçün yeni avadanlıqların, texnikaların, təlim vasitələrinin və paraşütlərin alınması nəzərdə tutulub".
Sonda isə xidmətdə fərqlənənlər mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB