Elman Abdullayev: “Bu, Azərbaycan diplomatiyası üçün olduqca böyük qələbədir” AÇIQLAMA

Elman Abdullayev: “Bu, Azərbaycan diplomatiyası üçün olduqca böyük qələbədir” AÇIQLAMA

"Təbii ki, bu, olduqca əhəmiyyətli müşavirədir. Çünki həmin müşavirədə Azərbaycan Prezidenti çox önəmli məqamlara toxundu". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsinin yekun nəticələri haqqında danışarkən deyib.

XİN sözçüsünün sözlərinə görə, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi cənab Prezident İlham Əliyevin açılış nitqi ilə başladı: "Dövlət başçısı açılış nitqində diplomatik xidmət orqanları rəhbərlərinə müvafiq tapşırıqlarını verdi və onlar qarşısında yeni istiqamətləri müəyyənləşdirdi.

Birinci məsələ, Azərbaycanın dünyada təbliği və ölkə həqiqətlərinin dünya ictmaiyyətinə çatdırılması, eləcə də maarifləndirmə kampaniyasının daha da genişləndirilməsinə dair diplomatik xidmət orqanları rəhbərlərinə tapşırıqların verilməsi idi. Digər tərəfdən isə ölkə rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranan ikilistandartlı mövqe, Azərbaycanla bağlı müvafiq dairələr tərəfindən ədalətsiz yanaşma və addımların atılması ilə bağlı mübarizənin aparılması, eləcə də erməni lobbisi ilə yanaşı ölkəmizin inkişafını həzm etməyən dairələrin təxribatının ifşası istiqamətində görülən tədbirlərə dair öz tapşırıq və tövsiyyələrini verdi. Təbii ki, bu olduqca əhəmiyyətli açılış nitqi idi. Diplomatik xidmət orqanları rəhbərləri də bu müşavirədən çox ciddi şəkildə yararlanırlar.

Digər tərəfdən burada əsas məsələ Azərbaycan Prezidentinin də prioritet hesab etdiyi ikitərəfli münasibətlərin inkişafı idi. Çünki bu, Azərbaycanın beynəlxalq arenada diplomatik fəaliyyətinin əsasını təşkil edən istiqamətdir.

Bununla belə həmin müşavirədə müxtəlif dövlət qurumlarının rəhbərləri, nazirlər kabinetinin üzvləri diplomatlarımız qarşısında iştirak etdi. Onlar burada diplomatlarımızı maraqlandıran sualları cavablandırdılar. Burada istər təhlükəsizlik məsələləri, istərsə də Azərbaycanın mədəniyyəti, turizmi, iqtisadiyyatı, beynəlxalq iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və bir sıra digər sahələrin təbliğatı baxımından müxtəlif məruzələr oldu. Burada artıq diplomatik nümayəndəliklərin rəhbərləri akkreditə olduğu ölkələrə tam hazır şəkildə dönəcəklər. Təbii ki, bu da onların növbəti müşavirəyədək lazım olan istiqamətləri həyata keçirəcəklərinin əsasını qoydu.

Bu gün erməni yalanlarının, lobbisinin və ermənipərəst qüvvələrin ifşası istiqamətində atılan ən önəmli addımlardan biri dünyada Xocalı soyqırımının qəbul edilməsidir. Bildiyiniz kimi, bu günədək artıq 10 ölkə və ABŞ daxilində 13 ştat Xocalı soyqırımının qəbul olunmasına dair müxtəlif qətnamə və qərarlar qəbul edib. Təbii ki, bu, Azərbaycan diplomatiyası üçün olduqca böyük qələbədir".

Bütün xəbərlər Facebook səhifəmizdə