Aydın Mirzəzadə: “Biz bir daha Azərbaycan müstəqillik sükanının etibarlı əldə olduğunu gördük” AÇIQLAMA

Aydın Mirzəzadə: “Biz bir daha Azərbaycan müstəqillik sükanının etibarlı əldə olduğunu gördük” AÇIQLAMA

"Qeyd edim ki, bu, güclənməkdə olan, milli maraqların yüksək səviyyədə qorunmasında marağı olan dövlət rəhbərinin çıxışı idi". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bir sıra xarici dairə təmsilçilərinin, eləcə də radikal müxalifət mətbuatının Prezident İlham Əliyevin çıxışına əks mövqe və qərəz sərgiləmələrinə münasibətini açıqlayarkən deyib.

Aydın Mirzəzadənin fikrincə, cənab Prezidentin çıxışı yalnız daxili və xarici siyasəti əhatə etməyib: "Bu çıxış həm də strateji məsələlərlə yanaşı, müstəqilliyimizi qorumaq, müstəqil qərar qəbul etmək istəyinin bariz göstəricisi idi. Aydın məsələdir ki, belə mövqe Azərbaycan cəmiyyəti və Azərbaycanla normal münasibət maraqları olan bir çox dairələr tərəfindən rəğbətlə qarşılansa da xaricdəki müəyyən tərəflərə sərf etmir. Çünki onlar yenidən Azərbaycanı öz təsirləri altına almaq, Azərbaycan siyasətinin müəyyənləşdirilməsinə ciddi təsir etmək fikirlərindən əl çəkmirlər. Onların Azərbaycanı yarımmüstəmləkə kimi görmək, eyni zamanda təbii sərvətlərini özlərinin maraqlarına uyğun şəkildə istifadə etmək planları hər dəfə puça çıxır".

Millət vəkili Dünya Bankının son hesabatını da xatırladaraq bildirib ki, həmin hesabatda Azərbaycanın qüdrəti bir daha öz təsdiqini tapıb: "Heç də təsadüfi deyil ki, bu günlərdə Dünya Bankının verdiyi hesabatda Azərbaycan keçmiş sovet məkanında sırasında iqtisadi qüdrətinə görə dördüncü, ya da beşinci yerlərdə qərarlaşıb və bu faktor artmaqda davam edir. Buna görə də xaricdə müəyyən dairələri, müəyyən anti-Azərbaycan mövqeyi sərgiləyən tərəflərin belə aqressiv çıxışları meydana gəlir. Onların bu mövqeyi Azərbaycanı tutduğu yoldan çəkindirə bilməz. Azərbaycan Prezidentinin siyasəti məhz hər bir Azərbaycan vətəndaşının maraqlarına cavab verir. Kimlərinsə yersiz tənqidləri ölkəmizi müstəqil siyasət yolundan geri döndərə bilməz".

YAP Siyasi Şurasının üzvü gələcəkdə də bu kimi qərəzli qüvvələrin fəaliyyətdə olacağını istisna etməyib: "Aydın məsələdir ki, vaxtaşırı qarşımızda müəyyən səddlər yaratmaq istəyən, Azərbaycanı tutduğu müstəqillik yolunda çəkindirməyə çalışan qüvvələr tapılacaq. Onlar Azərbaycanda müəyyən insanları da maliyyələşdirəcəklər, bəzi siyasi qüvvələrə dəstək də verəcəklər, yalançı siyasi məhbuslar obrazı yaradacaqlar. Ancaq bu kimi addımlar heç vaxt Azərbaycan cəmiyyətini özünə tabe etdirə bilməyəcək. Cənab Prezidentin çıxışı hər bir azərbaycanlının maraqlarına cavab verir. Biz bir daha Azərbaycan müstəqillik sükanının etibarlı əldə olduğunu gördük".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə