Niyaməddin Orduxanlı: “Onun təfəkkürü də düşüncəsi də xəstədir”
Əli Kərimli CIĞAL UŞAQDIR

""Araz" kurslarının bağlanması çox müsbət bir addımdır. Fərqi yoxdur, Azərbaycanın təhsil müəssisələrində müəyyən məktəblər istər nurçu olsun, istər vəhhabilik olsun, öz dini cərəyanını təbliğ edirsə və bunların məqsədi öz dini şəbəkəsini inkişaf etdirib onu Azərbaycan övladlarına təbliğ etməkdirsə həmin təhsil müəssilələri bağlanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP sədri Əli Kərimlinin "Araz" kurslarının bağlanması ilə bağlı hakimiyyətin səhv addım atmasına münasibətini bildirərkən deyib.

BAXCP sədrinin müavini bildirib ki, belə məktəblərin bağlanması xalqımızın milli-dövlətçilik mənafelərinə uyğundur: "Məsələn bizim partiya rəhbərliyi də bu məsələni uzun illərdir ki, qaldırıb. Biz bu addımın atılmasını müsbət qarşılayır və təqdir edirik. Çünki bu məsələ ölkəmiz üçün çox ciddi təhlükə idi".

AXCP sədrinin bununla bağlı sosial şəbəkədə yazdığı etiraza da fikir bildirən Niyaməddin Orduxanlı qeyd edib ki, əslində, Əli Kərimli burada köhnə şakəri olan cığallığını bir daha sərgiləyib: "Əli Kərimlinin buna etiraz etməsi bilirsinizmi nəyə bənzəyir? Onun bu kimi hərəkətləri cəmiyyətə cığal uşaq təsirini bağışlayır. Yəni hansı məsələdə dövlət müsbət addımlar atırsa, bu adam dərhal öz cığallığını ortaya qoymaqla məşğul olur. Baxın, dövlət öz gənclərini radikal dini cərəyanlardan qoruyur, ancaq Əli Kərimli qatığı elə qara görməkdədir. Ona görə də düşünürəm ki, AXCP sədrinin buna etiraz etməsi xəstə təfəkkürün məhsuludur. Əli Kərimlinin psixologiyasında artıq bir xəstələnmə var. Hesab edirəm ki, daha bu adamı qınamaq lazım deyil. Onun düşüncəsi də, təfəkkürü də xəstədir. Guya o indi fikirləşir ki, belə vasitələrlə o müxalifətçilik edir. Əslində o özünü rüsvay edir ki, Azərbaycanın milli maraqlarına qarşı çıxır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə