Mübariz Əhmədoğlu: "Ermənistan sadəcə Rusiyanın yaratdığı sintetik qurumdur”
Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, politoloq "Qarabağ saatı"nda Ermənistanın düşdüyü ağır vəziyyət, dünya ermənilərinin başına gələn bir sıra hadisələr Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirib: "Bu uğurlu siyasətin ən bariz nümunələdrən biri ATƏT-in Minsk qrupu həmsədrlərinin 12 may tarixli bəyanatıdır. Bəyanat tək siyasi yox, həm də hüquqi sənəddir. Həmin sənəddə işğal faktı açıq şəkildə öz əksini tapıb. Əgər 20 ildə həmsədrlər cəsarətə gəlib belə bir bəyanat veriblərsə, düşünürəm ki, bu istiqamətdə fəaliyyət davam etməli, xüsusən bəyanatın hüquqi hissəsi tam gücü ilə irəliləməlidir. Vasitəçilərin 12 may bəyanatı əsasında Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə "yol xəritəsi" hazırlanıb BMT Təhlükəsizlik Şurasına təqdim edilməlidir. Bu sənəd həmçinin münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana da verilməlidir. Hansı tərəf ona əməl etməsə, onun məsələsi BMT Təhlükəsizlik Şurasında qaldırılıb, müəyyən addımlar atılmalıdır".
Politoloq "Yol xəritəsi"ndə nələrin ola biləcəyindən və Rusiya-Azərbaycan münasibətlərindən danışıb: "Burada Ermənistanın əsasən üç öhdəliyi olmalıdır. Birincisi, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni ordusu çıxarılmalı, ikinci, ermənilər həmin əraziləri Azərbaycan tərəfinə təhvil verməli, nəhayət, Ermənistan hərbiçilərinə Dağlıq Qarabağ ərazisində hərbi təlimlər keçməsi qadağan edilməlidir. Ermənistan dövləti bu 3 prinsipə əməl etməlidir. Azərbaycanın isə hərbi aktivliyi artır. Amma aktivliyin idarə edilməsini ATƏT-in Minsk qrupu ilə razılaşdıra bilər. Digər tərəfdən, hərbi aktivliyi indiki halda saxlamasına dair Azərbaycan öhdəlik götürə bilər. Azərbaycanın Dağlıq Qarabağın tənzimlənməsi ilə bağlı öz yolu var və bu yolla da gedir. Vasitəçilərin fəaliyyəti Azərbaycan rəhbərliyində xoş təəssürat yaratmır və yetərli effekt vermir. İndi gedən geosiyasi proseslərin sonu, Qarabağa dair baş verənlər Azərbaycanın xeyrinədir. Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağın erməni və azərbaycanlılarının birlikdə iştirakı ilə həll edilməsi Yenilənmiş Madrid Prinsiplərinin tələbidir. 2009-2013-cü illərdə ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin imzaladığı sənədlərdə statusun bu qaydada müəyyən olunması da öz əksini tapıb. Bu sənədlərdə ilkin addım kimi Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması nəzərdə tutulub. Statusun müəyyən olunması sonrakı addımdır. Ermənilər isə əvvəlcə statusun müəyyən olunması adı altında Dağlıq Qarabağ ermənilərinə müstəqilliyin verilməsini tələb edirlər, sonra isə ətraf rayonların Azərbaycana qaytarılmasını müzakirə edə biləcəklərini bildirirlər. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması Dağlıq Qarabağ tənzimlənməsində praktiki addımların başlanmasını diktə edir. Çünki Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı məkanında istehsal olunan məhsulların Ermənistan vasitəsi ilə Dağlıq Qarabağa daxil olmasına ermənilər ciddi cəhd edəcəklər. Dağlıq Qarabağda alternativsiz qaz mənbəyi Rusiya mənşəlidir. Rusiya, eləcə də Avrasiya İqtisadi Birliyi məkanının digər dövlətləri praktiki olaraq bu addımların qarşısını almalıdır. Rusiya-Azərbaycan münasibətlərinin indiki inkişafı çox məhsuldar və münbit zəmin yaradıb. Ümid edirik ki, Rusiya Azərbaycanla münasibətlərin normallaşmasında çəkdiyi əziyyətləri, eləcə də Azərbaycanın bu istiqamətdə ardıcıl fəaliyyətini bircə Ermənistandan ötrü batırmayacaq. Ermənistan bu regionda sadəcə Rusiyanın yaratdığı sintetik qurumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB