Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edir YENİLƏNİB-FOTO
Bu gün İnsan hüquqları günü münasibətilə Müvəkkil tərəfindən sayca XII olan "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusuna həsr olunan Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKIDK) sədri Əli Həsənov, YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edir.
İlk olaraq çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə artıq bir neçə ildiri ki, 18 iyun tarixi ölkədə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur: "YUNESKO-nun dəstəyi ilə təşkil olunan bugünkü beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 15-dən artıq ölkəsindən 30-dan çox Ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər".
O eyni zamanda qeyd edib ki, hər il Bakıda ənənəvi olaraq keçirilən konfransın məqsədi qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, insan hüquqlarının qorunması sahəsində əldə olunmuş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.
Ombudsman Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılmış islahatlar və əldə edilmiş nailiyyətlərdən danışıb. O, dünyada beynəlxalq sənədlərin qəbul olunmasına baxmayaraq hələ də bu sahədə müəyyən problemlərin mövcud olduğunu qeyd edib: " Qadın hüquqlarının tam təmin olunmasında hələ də problemlər qalmaqdadır. Qadınlara qarşı məişət zorakılığı, iqtisadi, siyasi sferada qadınların az yer tutması kimi vacib məsələlərdəndir. Konfrans bu sahədə qarşılıqlı fikir mübadiləsinin aparılması beynəlxalq əməkdaşlığın inkişafına öz töhfələrinə verəcək".
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib: Qadın hüquqlarının qorunması Azərbaycan üçün yeni bir məsələ deyil. Azərbaycan qadınlarının hüquqlarının qorunması üçün ölkədə müvafiq qanunlar qəbul edilib. Son 10 ildə xanımların müxtəlif strukturlarda yerləşdirilməsi üçün addımlar atılır. Azərbaycanın 80-dən artıq rayon və şəhərlərində icra strukturlarında başçıların müavinlərindən biri mütləq şəkildə qadın təyin olunub. Qadınlar dövlət və hökumət strukturlarında təmsil olunur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi bazanın mövcud olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz rolu ilə seçilib və hazırda idarəçilikdə geniş təmsil olunur.
Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, sülhün, təhlükəsizliyin, insanların təhlükəsiz yaşamasını əldə etmək üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması əsasdır. Onun sözlərinə görə, Milli Məclis özünün həm tarixi, həm də müstəqilliyi bərpa etdikdən sonrakı fəaliyyəti zamanı insan hüquqlarının qorunması məsələsini gündəlik istiqamətlər kimi ortaya qoyub: "Lakin heç də demək olmaz ki, ölkədə qadın və qızlar onlar üçün müəyyən edilmiş hüquqlardan tam mənada istifadə edir, təhlükəsiz yaşayırlar. Ən azı onlar öz yaxın ailə üzvlərinin təzyiqlərinə məruz qalmırlar. Hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi Qadınlara və qızlara qarşı məişət zorakılığının aradan qaldırılması istiqamətində qanunun bu istiqamətdə çox böyük əhəmiyyəti var".
Tədbirin davamında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, BMT-nin Rezident əlaqələndiricisi Antonius Bruk, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsi rəhbərinin müavini Afərin Şərifzadə, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Hervard dünyada qadın hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, konfransda ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 18may -18 iyun tarixlərində respublikada ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq. İyunun 20-dək davam edəcək konfransın yekununda "Bakı Bəyannaməsi" qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB