Əli Həsənov: "Bu gün Ermənistan heç kimə lazım deyil"

Əli Həsənov: "Bu gün Ermənistan heç kimə lazım deyil"

"Dünyada haqsızlıqlar, ədalətsizliklər baş alıb gedir. Nə qədər dünya ictimaiyyəti bu haqsızlığa, ədalətsizliyə göz yumacaq, o zaman belə hallar davam edəcək və daha da artacaq". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XII Bakı BEynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 30-40 il əvvəl konflikt zonalarının sayı, dünyada mövcud olan qaçqın və məcburi köçkünlərin sayı bu gündən 2-3 dəfə az idi: "Bu gün dünyada qaçqınların sayı 40 milyonu keçib. Son 30-40 ildə dünyada yeni terminalogiya-məcburi köçkün adı yaranıb. Belə olduğu halda nədən danışırıq? Guya dünyada inkişaf, sivilizasiya, insan hüquqlarının qorunması, demokratiya yüksək səviyyəyə qalxır. Budur demokratik inkişaf, insan hüquqlarının qorunması? İlbəil qaçqınların, konflikt zonalarının sayı artır, hər gün 10 minlərlə insan həlak olur. Görün necə şərait yaranıb ki, artıq insan ölümünə mətbuatda adi reaksiya verilir. Ölüm halları eşidilir və adı bir informasiya kimi qəbul edilir. Budur dünyanın demokratik və hüquqi inkişaf yolu? Əgər budursa, o zaman hansı gələcəkdən danışırıq?".

Ə.Həsənov qeyd edib ki, beynəlxalq təşkilatlar öz işlərini belə davam etsə, sabah ölkələr o təşkilatlardakı üzvlükdən çıxacaqlar: "Mən neynirəm ora hər il müəyyən üzvlük haqqını ödəyim, amma o qəbul etdiyi qərarı qəbul etməsin. O zaman təşkilat mənim nəyimə lazımdır. Dünyada ərazi bütövlüyünü, sərhədləri BMT-dən yuxarı təşkilat varmı. Yoxdur. O zaman bizim də sərhədlərimizi tanınması, ərazi bütövlüyümüzün qorunması ilə bağlı qətnamələr niyə icra etmirsiz?".

Beynəlxalq qurumların nümayəndələrinə səslənən Ə.Həsənov onları inciməməyə çağırıb: "Çox da tənqidi danışmadıqlarını deyən qaçqınkom qeyd edib ki, real həqiqətləri deyir, tənqidi danışıq tamam başqadır. Tənqidə keçsək buna çoxu dözməz. Biz olanları, faktları, mövcud vəziyyəti deyirik. Bizim günahımız nədir? Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara hörmətlə yanaşır və onu icra edir. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasında 155 ölkənin səsini etibarını qazanıbsa bu o deməkdir ki, ölkəmiz dünya ölkələri ilə əməkdaşlıq yolundadır. Bəs onda bizə qarşı vəziyyət niyə belədir? Bunu beynəlxalq təşkilatların biri bizə açıb desin. Səbəbini deyin bizdə bilək və insanları başa salaq ki, nə üçün qətnamələr icra olunmur və torpaqlarımız azad olunmur. Bizim enerji resurslarımızdan hamı istifadə etmək istəyir, təbii resurslardan bəhrələnmək istəyir, amma əvəzində heç nə vermək istəmirlər. Belə olmur axı! Təcavüzkarın adına təcavüzkar demək lazımdır".

Ə.Həsənov vurğulayıb ki, bu gün Ermənistan heç kimə lazım deyil: "Ermənistan inkişaf etməyən, dünya ölkələrində heç bir əhəmiyyətə malik olmayan, öz sözü olmayan, müstəqil siyasəti olmayan bir ölkədir. Təcavüzkar, şovinist, millətpərəst, separatçı - ölkənin adı budur. Bu ölkədən nəyə yapışırlar, kimə lazımdır belə bir ölkə?! Amma biz hesab edirik ki, bu gün Azərbaycan öz qonşuları üçün Ermənistandan 100 dəfə çox lazımlıdır. Azərbaycan kimi tolerant ölkə yoxdur. Belə bir xalqa nə üçün bu cür yanaşılır?. Necə inanaq ki, dünya ədalətli dünyadır, haqq-ədalət dünyasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə