Politoloq: “Qarabağ münaqişəsi həll olunmadan Avrasiya İttifaqından söz açmaq mümkün deyil” AÇIQLAMA

Politoloq: “Qarabağ münaqişəsi həll olunmadan Avrasiya İttifaqından söz açmaq mümkün deyil” AÇIQLAMA

"Rusiyanın prezidenti Vladimir Putinin Azərbaycanı Avrasiya ittifaqında görmək istəyi ilə bağlı ölkə prezidentinə məktub ünvanlaması o demək deyil ki, bu mütləq baş verə biləcək hadisədir". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli açıqlamasında deyib.

O bildirib ki, son zamanlar Rusiya Azərbaycanı Avrasiya İttifaqına dəvət etmək üçün müəyyən cəhdlər edir: "Rusiyanın iqtisadiyyat naziri Azərbaycana səfəri zamanı da ölkəmizi bu ittifaqda görmək istədiklərini dilə gətirmişdi. Bundan əlavə, Rusiyanın mətbuat orqanlarında da tez-tez bu fikirlərə rast gəlmək mümkündür".

Politoloqun sözlərinə görə, Azərbaycanın Avrasiya Birliyinə dəvət edilməsi birliyin nüfuzunun qalxması və şöhrət qazanması üçün mühüm əhəmiyyətə malikdir: "Azərbaycan indiyə qədər tarazlaşmış xarici siyasət xətti yürüdüb. Həm Avropa Birliyi, həm də Rusiya ilə normal münasibətlər saxlayıb. Əsasən də Avropa Birliyinə meylli bir siyasət yürüdüb. Rusiya ilə hər zaman dostluq və qonşuluq siyasəti yürütməklə yanaşı münasibətlərin normal olmasına çalışıb. İndi Rusiya bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa çalışır. Əlbəttə ki, Azərbaycan bu münasibətlərə etiraz etməz, amma məsələ burasındadır ki, bu işin baş verməsinə mane olan bir sıra amillər var. Ən birinci amil ondan ibarətdir ki, Azərbaycanın 20 faiz torpaqları erməni təcavüzkarları tərəfindən işğal edilib. Təəssüflər olsun ki, bu işğalçılıq siyasətində Rusiya da bu və ya digər formada iştirak edib. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Avrasiya İttifaqından söz açmaq mümkün deyil. Ortada siyasi sövdələşmə məsələsi var. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarını geri qaytarmaq istəyir. Bu onun təbii haqqıdır. Bu prosesə indiyə qədər mane olan bəzən də vasitəçilik adı ilə fəaliyyət göstərən qüvvələr var ki, onlar indiyə qədər münaqişənin həllinə heç bir töhfə verməyiblər. Biz həmin dövlətlərlə o zaman əməkdaşlıq edəcəyik ki, onlar həqiqətən də problemin həllində Azərbaycana dəstək olacaqlar. Biz demirik ki, kimsə gəlsin bizimlə döyüşsün? Biz sadəcə olaraq pozulmuş ədalətin bərpasını istəyirik. Biz ermənilərə indiyə qədər göstərilən himayəçiliyin dayandırılmasını istəyirik. Regionda sabitliyi pozan amillər aradan qaldırılsın. Hər kəsə məlumdur ki, Dağlıq Qarabağ probleminin açarı Rusiyadadır. Rusiyada sözsüz ki, Ermənistana təsir etməyin 100 yolunu bilir. Əgər bunu tətbiq etsə, 7 rayonun işğaldan azad olunması məsələsi sürətlənə bilər. Bundan sonra Avrasiya Birliyinə daxil olma məsələsi müzakirə edilə bilər. İndiki halda Avrasiya Birliyində Qazaxıstandan baş qa beynəlxalq proseslərə təsir edə biləcək, güclü potensiala malik ola biləcək dövlət yoxdur. Ona görə də Rusiya Azərbaycanın bu birliyə daxil edilməsi ilə güclü tərəfdaşa malik olmaq istəyir. Lakin söylədiyimiz kimi, bu Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayınca Azərbaycanın bu kimi qurumlara daxil edilməsindən söz gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə