Helsinki Komissiyasına ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyəti barədə məktub təqdim edilib
İyunun 11-də ABŞ Senatında ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyat və insan hüquqları aspektlərinə dair dinləmələr olub. SİA-nın məlumatına görə, dinləmələri ABŞ-ın Helsinki Komissiyası təşkil edib. ABŞ Azərbaycanlıları Şəbəkəsi komissiyaya Amerika-Azərbaycan münasibətlərinin əhəmiyyəti barədə məktub təqdim edib.
Sənəddə qarşılıqlı münasibətlərin üç əsas elementindən - energetika sahəsində əlaqələrdən, qarşılıqlı iqtisadi münasibətlərdən və təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışılır. ABŞ Azərbaycanlıları Şəbəkəsi məruzədə energetika sahəsində münasibətlərə toxunaraq, bu sahədə əməkdaşlığın tarixindən, "Əsrin müqaviləsi"nin imzalanmasından, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsindən və Amerika şirkətlərinin Azərbaycanın layihələrində iştirakından yazır. Məktubda Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti və layihənin icrasının ABŞ Administrasiyası tərəfindən dəstəklənməsi də vurğulanır. ABŞ azərbaycanlılarının təşkilatı iqtisadiyyatın qeyri-neft sektorunda, o cümlədən aviasiya, telekommunikasiyalar sahəsində və yaxın gələcəkdə sənayedə iqtisadi münasibətlərin inkişafı barədə məlumat verir.
ABŞ Azərbaycanlıları Şəbəkəsi təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Azərbaycanın terrora qarşı mübarizədə ABŞ-a dəstək göstərməyə, habelə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlığa sadiq olduğunu vurğulayıb. Azərbaycanlıların təşkilatı erməni lobbisinin səyləri ilə 1992-ci ildə qəbul edilmiş və hələ də ləğv edilməmiş Azadlığa Dəstək Aktına 907-ci düzəliş barədə təəssüfləndiyini bildirir və Konqresə müraciət edərək, onu iki ölkə arasında hərtərəfli razılıq əldə olunması üçün həmin düzəlişi ləğv etməyə çağırır.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin Direktorlar Şurası dövlətlərarası münasibətlərin əsas aspektləri ilə bərabər, Azərbaycanın beynəlxalq aləmdə inkişafının əhəmiyyətini də vurğulayır. Məsələn, ötən ilin sonunda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün iki illik müddəti başa çatıb. Azərbaycan BMT TŞ-nin işində fəal iştirak etmiş, bütün dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılması üzrə təşəbbüslər irəli sürüb.
ABŞ Azərbaycanlıları Şəbəkəsi insan hüquqlarından danışarkən qeyd edir ki, Azərbaycan insan hüquqları sahəsində vəziyyətə görə tez-tez tənqid edilsə də, bu ittihamlar qərəzlidir, çünki tənqidçilərin çoxu ermənilərin suveren Azərbaycana təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınmış 1 milyondan çox azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının pozulması kimi əsas problemdən yan keçir. Sənəddə Ermənistanın məhəl qoymadığı bir sıra beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri, AŞPA-nın 1416 nömrəli, BMT Baş Məclisinin 62/243 nömrəli, İslam Konfransı Təşkilatının 10/11 və 10/37 nömrəli qətnamələri sadalanır. Həmin qətnamələrin olmasına baxmayaraq, Ermənistan Azərbaycan vətəndaşlarının hüquqlarını pozmaqda davam edir.
Sonda ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatlara müraciət edərək, bu ölkəni insan hüquqlarını pozan bu faktlara diqqət yetirməyə və azərbaycanlı qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB