Türkdilli ölkələrin parlament spikerləri Bakıya gəlib

Türkdilli ölkələrin parlament spikerləri Bakıya gəlib

Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin spikerləri Cəmil Çiçək, Kabibulla Çakupov və Asılbek Jeenbekov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) V plenar sessiyasında iştirak etmək üçün bu gün Bakıya gəlib. SİA-nın xəbərinə görə, sessiyada TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçəcək.

Tədbirdən əvvəl parlament nümayəndə heyətlərinin rəhbərlərini - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin spikerlərini prezident İlham Əliyev qəbul edəcək.

Sessiyanı giriş sözü ilə TÜRKPA-nın indiki sədri, Türkiyənin Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək açaraq sədrliyi Azərbaycan parlamentinin sədri Oqtay Əsədova təhvil verəcək.

C. Çiçəyin çıxışından sonra söz Milli Məclisin sədri O.Əsədova veriləcək.

Sessiyada TÜRKPA-nın 2013-cü ildəki fəaliyyətinə, təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının keçirilmə vaxtı və yeri müəyyən olunacaq.

Sessiyanın ikinci günü, iyunun 13-də TürkPA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri - spikerlər Oqtay Əsədov (Azərbaycan), Kabibulla Çakupov (Qazaxıstan), Asılbek Jeenbekov (Qırğızıstan) və Cəmil Çiçək (Türkiyə) çıxış edəcəklər.

Tədbir iştirakçıları TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabatını, eləcə də Beynəlxalq əlaqələr, Sosial, mədəni və humanitar məsələlər, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Hüquq məsələləri komissiyalarının məruzə və tövsiyələrini dinləyəcəklər.

Tərəflər, həmçinin TÜRKPA komissiyalarının restrukturlaşdırılması məsələlərini də müzakirə edəcəklər. TÜRKPA-nın sədri O. Əsədov Macarıstan parlamentinin müşahidəçi statusu alması barədə məlumat verəcək. İştirakçılar TürkPA-nın VI plenar iclasının vaxtını və yerini müəyyənləşdirəcəklər.

TÜRKPa-nın V plenar sessiyasının yekunları üzrə Bakı bəyannaməsi qəbul olunacaq.

Plenar sessiya başa çatdıqdan sonra TÜRKPA-nın nümayəndə heyətlərinin rəhbərləri və baş katibi tədbirə həsr olunan mətbuat konfransında jurnnalistlərin suallarını cavablandıracaqlar.

MDB Parlamentlərarası Assambleyasının saytında verilən məlumata görə, V plenar sessiyada MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının nümayəndə heyəti iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə