Sektor müdiri: "Özünə hörmət edən tarixçi heç vaxt faktları şübhə altına salmaz"
"Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan, Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına qeyri-adekvat reaksiya verir. Ermənistan rejiminin cinayətlərindən biri də yalanlar uyduraraq öz xalqını cəhalət içində saxlamağa çalışmasıdır. İş o yerə çatıb ki, hətta erməni mənşəli xarici alimlər belə şikayətlənirlər ki, rəsmi İrəvan onların öz tarixlərini araşdırmasına imkan vermir". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Bakıda keçirilən "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Sektor müdirinin fikrincə, bu səbəbdən Azərbaycanın əsas məqsədi həmin tabunu dağıtmaq və erməni xalqına əsl həqiqəti çatdırmaqdan ibarət olmalıdır: "Özünə hörmət edən tarixçilər heç vaxt tarixi faktları nə şübhə altına alır, nə də onları alt-üst çevirirlər. Ermənistanda isə, əksinə, öz fərziyyələrini əsaslandırmaq üçün danılmaz faktları təhrif edirlər. Tutaq ki, bütün dünyanın tarix dərsliklərində 1939-cu il sentyabrın 1-də Hitlerin Polşaya hücum etdiyi yazıldığı halda, İrəvanda bu faktı heç nədən çəkinmədən tam tərsinə təqdim edə bilərlər".
F. Axundovun sözlərinə görə, belə getsə müəllifi olduğu "Saxtakarlıqları ifşa edənlər" kitabının saysız hesabsız cildlərini nəşr etdirməli və bu mövzuya həsr olunan yeni filmlər hazırlamaqda davam etməli olacaq: "Artıq bu kitabın iki cildi çapdan çıxıb, hazırda üçüncü cild üzərində iş gedir. Bu mövzuda daha bir sənədli film hazırlanır. Bu yaxınlarda, mayın 28-də Azərbaycan özünün Müstəqillik Gününü qeyd edərkən Ermənistanda Azərbaycan əleyhinə iki film nümayiş etdirilib. Bu, Ermənistanın Mədəniyyət Nazirliyi və İrəvan şəhər meriyasının dəstəyilə çəkilmiş "Tarixin saxtalaşdırılması: Azərbaycan" və "Romadan qədim şəhər" adlı filmlərdir. Həmin filmlər prezident İlham Əliyevin hazırki Ermənistan Respublikasının əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına özünəməxsus cavab cəhdidir. İrəvan şəhərinin guya hələ İrəvan qalası tikilməzdən əvvəl mövcud olmasını sübut etmək məqsədilə erməni saxtakarları filmdə 14-15-ci əsrlərə aid pul sikkələri nümayiş etdirir və iddia edirlər ki, onlar İrəvanda hazırlanıb. Lakin apardığımız araşdırma zamanı müəyyən olub ki, Şirvanşahlar dövlətinə aid bu sikkənin üzərində İrəvan deyil, İran Kürdüstanında yerləşən Marivan şəhərinin adı qeyd olunub".
Onun sözlərinə görə, bu çoxsaylı saxtakarlıq faktlarından yalnız biridir və təkcə adıçəkilən erməni filmlərində belə uydurmalar kifayət qədərdir. F.Axundov hesab edir ki, erməni tərəfinin belə davranmasının səbəbləri məlumdur. Onlar sonradan ermənilərin məskunlaşdırıldığı bütün ərazilərdən Azərbaycan sivilizasiyasının izlərini silməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB