Tural Abbaslı: “Özümdə müsavata rəhbərlik etmək üçün potensial hiss edirəm”

Tural Abbaslı: “Özümdə müsavata rəhbərlik etmək üçün potensial hiss edirəm”

"Müsavat partiyasının qurultayını təxirə salmasından heç bir söhbət gedə bilməz. Sadəcə bizdən asılı olmayan səbəblərə görə qurultay gecikir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı məclis üzvü Sabir Məmmədlinin qurultayın təxirə salındığı fikirlərinə münasibət bildirərkən deyib.

Tural Abbaslı qeyd edib ki, partiyada qurultaya hazırlıq üzrə təşkilat komitəsi var və qurultayla bağlı bütün qərarları bu komitə verir: "Bu gün sözügedən komitənin keçiriləcək iclasında nə qərar verilsə, o da icra ediləcək. Təklif ola bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerdə qurultay keçirilsin və ya digər münasib yer verilsin. Düşünürəm ki, müzakirə edildikdən sonra məsələ bu gün öz həllini tapacaq. Müsavat partiyasının qurultayını texniki məsələ kimi hansısa kluba salmaq düzgün hal deyil. Ümüd edirəm ki, qurultayın keçirilməsi üçün aidiyyatı hökümət orqanları hər cür şərait yaradacaq".

Müsavat rəsmisi onu da vurğulayıb ki, Müsavat partiyasında hər kəsin öz fikri, öz mövqeyi var: "Hər kəs fikrini söyləməkdə azaddır. Təbii ki, fikirlər səlahiyyətli qurumların qərar çıxaracağı ana qədər qüvvədə qala bilər. Daha sonra bu və ya digər formada hər hansı bir məsələdə qərar verildikdə, hər kəs qərara tabe olmaq məcburiyyətindədir. Siravi üzvdən başqana qədər. Qurultayın vaxtı dəqiq müəyyən olunmadığı üçün başqanlığa namizədlərin rəsmi şəkildə irəli sürülməsi proseduru hələ başlamayıb. Başqanlığa niyyətli olanlardan biri kimi hesab edirəm ki, partiyaya rəhbərlik etmək üçün o gücü, o potensialı özümdə hiss edirəm. Seçkilərdə uğurlar əldə edəcəyimə inanıram. Bu baxımdan mənim iddiama partiya rəsmiləri normal yanaşır. Təbliğatım bu günün şərtlərinə uyğun olaraq aparılır. Qurultay keçiriləndən sonra isə bütün bu məsələlərə aydınlıq gətiriləcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə