Azərbaycanda örnək ola biləcək söz və mətbuat azadlığı mövcuddur ETİRAZ

“AŞPA prezidenti Ann Brassörun növbəti dəfə sərsəmləməsi də Azərbaycana yönələn uğursuz təzyiqlərin bir formasıdır”
Azərbaycanda örnək ola biləcək söz və mətbuat azadlığı mövcuddur ETİRAZ

Azərbaycanın əldə etdiyi iqtisadi-siyasi uğurlar yerli və xarici qüvvələri ciddi narahat etməkdədir. Bəzi beynəlxalq təşkilat rəhbərlərinin maraqlı qüvvələrlə eyni mövqedən çıxış etmələri isə təəccüb doğurur. Belə ki, bu günlər AŞPA prezidenti Ann Brassör də Azərbaycanla bağlı reallıqdan uzaq olan fikirlər səsləndirməsi təəccüb doğuran məqamlardan hesab olunur. Ann Brassör iddia edib ki, guya Azərbaycanda söz və mətbuat azadlığı sahəsində müəyyən problemlər var. SİA-ya açıqlama verən qəzet baş redaktorları AŞPA rəsmisinin bu cür ənənəvi ampluasından çıxış etməsinin arxasında Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsindən doğan qısqanclıq hissi dayandığını söylədilər.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- Beynəlxalq qurumların ayrı-ayrı təşkilatların Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirlərindən biri ondan ibarətdir ki, Azərbaycanda mətbuat və söz azadlığı yoxdur. Əslində bugünkü Azərbaycan mediasının vəziyyəti bir daha onu göstərir ki, ölkə mətbuatında kifayət qədər söz və mətbuat azadlığı var. Bir sözlə, onların Azərbaycanla bağlı reallıqdan uzaq olan fikirlər səsləndirməsini düzgün qəbul etmirəm. Demək olar ki, həmin qüvvələrin Azərbaycanla bağlı reallığı özündə əks etdirməyən fikirlər səsləndirməsi ölkəmizin əldə etdiyi uğurlara qısqanclıq hiss ilə yanaşmasından irəli gəlir. Ümumiyyətlə, bu, Azərbaycanın müstəqil dövlətçilik xəttinə və onun siyasətinə öz dövlətçilik maraqlarını qatmaq, gətirmək istəyən qüvvələrin fikirləridir. Təbii ki, bu da yolverilməzdir.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlamazdan öncə ölkəmizə qarşı yalan və böhtan kampaniyası başlanılmışdı. Ümumiyyətlə, Azərbaycanda yüksək səviyyədə hər hansı bir beynəlxalq tədbir keçiriləndə və yaxud da ölkəmiz hər hansı bir uğura imza atanda bu cür böhtan kampaniyası həyata keçirilir. Səsləndirilən fikirlərdən də gördüyünüz kimi tənqidlərin predmeti bəlli deyil. Mətbuat sahəsində müəyyən problemlər anlayışına gəldikdə isə, ümumiyyətlə söz və fikir azadlığı ilə bağlı müəyyən problemlər dünyanın hər yerində var. Yəni elə bir ölkə yoxdur ki, orada söz və fikir azadlığı ilə bağlı problemlər olmasın. Azərbaycanda mətbuata və söz azadlığına hər hansı bir basqı yoxdur. Azərbaycanda mətbuat və söz azadlığına konkret dəstək var. Bu dəstək də dövlət tərəfindən həyata keçirilir. Yəni bu gün Azərbaycanda medianın inkişafı ilə bağlı dövlətin verdiyi dəstək dünyanın heç bir ölkəsində nəzərə çarpmır. O ki, qaldı ayrı-ayrı beynəlxalq təşkilatların və yaxud da ölkələrin vaxtı ilə Azərbaycanda öz maraqları üçün istifadə etdikləri media qurumlarına və yaxud da şəxslərə, və "jurnalistlərə", hesab edirəm ki, konkret olaraq bu şəxslər vəkillik yerinə yetirirlər. Əslində onları media təmsilçiləri adlandırmaq olmaz. Ən azı biz Fransa prezidentinin Azərbaycana səfəri zamanı Qərbin media anlayışının nədən ibarət olduğunu gördük. Fransa prezidentinin görüşündə iştirak edən şəxslərin əhəmiyyətli hissəsinin ümumiyyətlə, mətbuata heç bir aidiyyəti yox idi. Sadəcə olaraq, onlar Azərbaycana qarşı qərəz və böhtan kampaniyası aparan şəxslər idi. Bunların da istəyi Azərbaycanda söz və fikir azadlığı sahəsində özbaşınalıq və xaosun yaradılmasına nail olmaqdır. Bu xaosdan da istifadə edərək Azərbaycan mətbuatının əli ilə Azərbaycan dövlətinə basqı həyata keçirsinlər. Bu basqı yolu ilə də öz maraqlarını təmin etsinlər. Bu da mümkün olan məsələ deyil. Mətbuatın əhəmiyyətli hissəsi yürüdülən bu siyasətin mahiyyətini tamamilə yaxşı başa düşür. Bu fikri səsləndirən şəxslərində maraqlarının haradan və nədən qaynaqlandığını bilirlər. Bu baxımdan, bu cür fikirlərlə Azərbaycanın və yaxud da beynəlxalq ictimaiyyətin düşüncəsinə hər hansı bir formada ciddi təsir göstərmək mümkün deyil.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- Son vaxtlar Qərbdən və Avropadan gələn bu tipli mesajlar Azərbaycana göstərilən təzyiqlərin istiqamətidir. Azərbaycanın iki dünya qütbü arasında yerləşməsi və hər iki qütbə daxil olan güc dövlətlərinin maraqlarının burada toqquşması nəticəsində Azərbaycan üzərinə həm Avropadan, həm də Qərbdən təzyiqlər gəlir. AŞPA prezidenti Ann Brassörun növbəti dəfə sərsəmləməsi də Azərbaycana yönələn uğursuz təzyiqlərin bir formasıdır. Bu gün dünyanın hər bir ölkəsində kifayət qədər mətbuat və jurnalistlərlə bağlı problemlər var. Onların Azərbaycanla bağlı səsləndirdiyi problemlər əslində mövcud deyil. Bu gün hər hansı bir jurnalistin peşəsinə görə yox, törətdiyi əmələ görə məsuliyyətə alınması mətbuata basqı deyil. Bu əslində hər bir yerdə olduğu kimi Azərbaycanda da törədilmiş əmələ verilən qiymətdir. Yəni Leyla Yunus, Rauf Mirqədirovla və bundan əvvəlki jurnalist peşəsi ilə məşğul olub eyni zamanda, əməllərində müəyyən cinayət elementləri şübhə edilən jurnalistlərin haqqında görülən tədbirləri onlar daha da kəskin şəkildə mətbuata və jurnalistikaya hücum kimi dəyərləndirərək Azərbaycana təzyiq göstərirlər. Bir sözlə, öz maraqlarını və məqsədlərini həyata keçirmək üçün təbii ki, Avropada olan dövlətlərin Azərbaycanla bağlı maraqları var. Yəni onlar bu tip bəyanatlarla Azərbaycan dövlətinə öz iradələrini qəbul etdirmək istəyirlər ki, bu da olduğca yolverilməzdi. Ümumiyyətlə, isə bu cür bəyanatların Azərbaycana heç bir təsiri ola bilməz.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə