Əli Həsənov: "BMT zəhmət çəksin, Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin”
Bu gün BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birgə Azərbaycana səfərinin yekunlarına dair birgə mətbuat konfransı keçirib.
Xüsusi məruzəçinin Azərbaycana səfərini uğurlu adlandıran baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Azərbaycan heç bir dövlət, beynəlxalq təşkilatdan nəsə tələb etmir, sadəcə istəyir ki, bu problemlərlə məşğul olan təşkilat və dövlətlər bu işə obyektiv yanaşsın: "Azərbaycanın BMT-dən yeganə tələbi və istəyi var. BMT zəhmət çəksin, Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin".
Bu çıxışa münasibət bildirən xüsusi məruzəçisi Çaloka Beyani isə bildirib ki, Azərbaycana səfərindən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ilə qeyri-rəsmi görüş keçirəcək və bununla bağlı məsələ qaldıracaq.
Səfəri barədə danışan Ç.Beyani deyib ki, səfərdə əsas məqsəd məcburi köçkünlər üçün daha dayanıqlı həll yollarının tapılması olub: "Səfər çərçivəsində Ağdam və Bakı ətrafı rayonlarda qaçqın və məcburi köçkünlər üçün Azərbaycan hökumətinin yaratdığı şəraitlə tanış oldum. Onların hazırki yaşayış şəraiti ilk dövrlərlə müqayisəyə edilməz dərəcədədir".
Xüsusi məruzəçi deyib ki, bu çərçivə fəaliyyətinin əsasında məcburi köçkünlərin qayıtması, olduğu yerdə qalması və digər yerə köçürülməsi nəzərdən keçirilir: "İstənilən seçim variantının hər birində məcburi köçkünlərlə məsləhətləşmə, onların fikirlərini öyrənmək çox vacibdir. İstənilən seçim onların təhlükəsiz, ləyaqətli həyat sürməsi üçün imkan yaratmalıdır. Səfər zamanı məcburi köçkünlərdən eşitdiyim əsas ismarıcın mahiyyəti ondan ibarətdir ki, onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Məhz bu səbəbdən hesabatımın əsas mahiyyəti ondan ibarət olacaq ki, bu məsələnin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib. Bu da Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək. Beynəlxalq ictimaiyyətdən müəyyən səylər tələb edilir ki, bunun nəticəsində də məcburi köçkünlər üçün daha davamlı, dayanıqlı həllərin tapılması, sülhün təmin olunması mümkündür. Bu səylər eyni zamanda məcburi köçkünlərin hökumətin həyata keçirdiyi inkişaf siyasətinə inteqrasiyasını, gələcəkdə onların qayıdışından sonra məcburi köçkünlərin cəmiyyətdə aktiv iştirakını təmin etməsini, infrastrukturun bərpası, evlərin tikintisi, azad olunmuş torpaqların yaşayış, kənd təsərrüfatı üçün yararlı olmasını tələb edir. Bildiyim qədər son illər ərzində ölkədə "Böyük qayıdış" planı işlənib hazırlanıb. Mən öz mandatım çərçivəsində bu prosesə təcrübəmlə töhfə verməyə, bu məsələdə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazıram".
Ç.Beyaninin sözlərinə görə, hazırda qaçqın və məcburi köçkünlərlə bağlı beynəlxalq sənədlərdə boşluqlar var: "Hesab edirəm ki, bu sənədlərin təkmilləşməsinə ehtiyac var. Eyni zamanda qeyd etməliyəm ki, hər bir ölkə, bölgə bununla bağlı məsələ qaldırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB