BAXCP-dən Müsavat və AXCP-yə İTTİHAM

Elçin Mirzəbəyli: “Bu, cinayətkar bir yanaşma tərzidir”
BAXCP-dən Müsavat və AXCP-yə İTTİHAM

"Bunun özü də bir daha sübuta yetirir ki, həmin insanlar Azərbaycan xalqının iradəsinə söykənmirlər və bütöv bir elektorata malik deyillər. Əgər belə olsaydı, hər hansı bir dövlətin hər hansı bir siyasi partiyaları bir araya gətirməsi barədə fikirlər səsləndirilməzdilər". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin "Yeni Müsavat"da verdiyi açıqlamasındakı "Qərb Müsavatla AXCP-ni birləşdirəcək" iddiasına münasibətini bildirərkən deyib.

BAXCP rəsmisinin fikrincə, belə iddialarla çıxış edən tərəflər heç bir dövlətçilik düşüncəsinə sahib olmayan insanlardırlar: "Digər tərəfdən, bu insanların bir daha dövlətçilik düşüncəsinə sahib olmadıqları kifayət qədər görünməkdədir. Əgər bir siyasətçi hər hansı bir xarici dövlətin, bütövlükdə isə Qərbin onun ölkəsində bu və ya digər proseslərə müdaxiləsindən danışırsa, o, ən yumşaq şəkildə desək, vətəndaşlıq mövqeyindən çox uzaq bir yanaşma tərzini ortaya qoyur. Digər bir tərəfdən isə bu, cinayətkar bir yanaşma tərzidir. Məhz bu baxımdan, hesab edirəm ki, əslində sözügedən iddia radikal düşərgədə ucuz təfəkkürün nümayişi anlamını daşımaqdadır".

Elçin Mirzəbəyli Müsasvat Partiyası ilə AXCP-nin heç bir vaxt birləşə bilməyəcəklərini də deyib: "O ki, qaldı Qərbin AXCP ilə Müsavatnı bir araya gətirə bilməsi iddialarına, bu partiyaları heç "superkleylə" də yapışdırmaq mümkün deyil. Çünki hər iki partiyanın sədri fərqli düşüncələrin, fərqli iddiaların sahibidirlər və bir-birlərinə qarşı potoloji nifrətləri var. Çünki bugünə qədər hər iki partiyanın bir araya gəlməsi cəhdləri növbəti köklü parçalanmalara səbəb olur. Bu baxımdan, hesab edirəm ki, bu, həm də son prezident seçkisindən sonra tamamilə iflasa uğramış düşərgənin ayağa qaldırılması üçün edilən müəyyən cəhdlərdir".

BAXCP-nin sədr müaviniradikal müxalifətin hansı qaynaqdan ruhlandıqları mövzusuna da toxunaraq bildirib ki, onlar xarici diplomatların məlum cəhdlərindən sonra yenidən xəyallar etməyə başlayıblar: "Ola bilsin ki, radikallar son dövrlərdə xarici diplomatların bəyanat və açıqlamalarından bir balaca ruhlanmağa, xəyallara dalmağa başlayıblar. Amma bir məqamı unudurlar ki, Azərbaycan dövləti kifayət qədər oturuşmuş bir dövlətdir, Azərbaycan dövləti bütün proseslərə nəzarət etmək gücündə və iqtidarındadır. Beləliklə, hesab edə bilərik ki, xarici dövlətlərin himayəsi ilə ölkənin siyasi partiyalarına hər hansı vəd verilməsi, yaxud siyasi məsələlərdə istiqamət göstərməsi imkanı haqqında danışanlar özləri-özlərinə yalan danışırlar. Çünki bu insanların ətrafında olan beş-altı nəfər Azərbaycan siyasətində ifşa olunmuş şəxslərdirlər".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə