Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandı qəbul edib. MM-dən SİA-ya verilən xəbərə görə, sədr Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini söyləyib.
O qeyd edib ki, 2001-ci ildən təşkilata üzv olan müstəqil Azərbaycan öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaq istiqamətində fəal iş aparıb: "Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla addımlayan ölkəmiz qurum qarşısında üzərinə götürdüyü öhdəliklərə daim hörmətlə yanaşıb və onları ardıcıl olaraq həyata keçirib. Bu öhdəliklərdən üçü qismən, qalanları isə bütövlükdə yerinə yetirilib. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Venesiya Komissiyası ilə konstruktiv əməkdaşlıq bu gün də davam etdirilir".
MM sədri ümidvar olduğunu bildirib ki, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu müddətdə Azərbaycanın əldə etdiyi təcrübə Avropa Şurası Nazirlər Komitəsinə növbəti 6 ayda sədrlik edəcək ölkə üçün əhəmiyyətli olacaq.
T. Yaqland isə Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib. Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edən ölkədir: "Həyatın bir sıra sahələrində ölkənin əldə etdiyi uğurlar Avropa ölkələri üçün də nümunə sayıla bilər".
Qonaq Bakıda "ASAN Xidmət" mərkəzlərindən birində gördüklərini heyranlıqla xatırlayaraq vətəndaşlara belə yüksək səviyyədə xidmətin göstərilməsinin avropalılar üçün də yenilik olduğunu vurğulayıb.
Qəbulda Azərbaycanın bölgələrinə səfərindən danışan qonaq ölkədəki müxtəlif dinlərə və millətlərə məxsus xalqların dostluq şəraitində birgə yaşayışına heyran olduğunu xüsusi vurğulayıb. O, növbəti müddətdə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycana uğurlar arzulayıb.
Söhbətdə AŞPA Bürosunun və Daimi Komitəsinin Bakıda keçiriləcək tədbirləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB