“Uorliki erməni lobbisinin təmsilçisi kimi görürük” MÜSAHİBƏ

“Uorliki erməni lobbisinin təmsilçisi kimi görürük” MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyevin SİA-ya müsahibəsi

- Sahib müəllim, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morningstar "Azadlıq radiosu"na müsahibəsində Azərbaycanda demokratiyanın olmamısını və insan haqlarının pozulmasını qeyd edib. Sizcə bu fikirlərin arxasında nə dayanır?

- Təəssüf hissi ilə qeyd edirəm ki, kifayət qədər diplomatiyada təcrübəsi olan, bölgədəki real vəziyyəti gözəl bilən bir səfir öz diplomatik missiyasına uyğun gəlməyən açıqlama verir. Düşünürəm ki, səfirin verdiyi bu açıqlamalar özünün istəyi deyil, hansısa dairələrin istəyidir. Riçard Morningstar sözügedən müsahibəsində qeyd edib ki, Azərbaycanda demokratiya ABŞ-ı qane edəcək dərəcə deyil. Eyni zamanda, bir çox hallarda ABŞ-da diplomatiya bizi qane etmir. Ümumiyyətlə, hər bir dövlətin xarici siyasəti daxili siyasətinin davamıdır. Bu baxımdan, hazırda ABŞ-ın hansı xarici siyasəti yürütdüyünə nəzər yetirsək görərik ki, demokratiya bütöv bir anlamdırsa, o zaman ABŞ bir çox hallarda Azərbaycandan geridə qalır. Məsələn, ABŞ-ın diplomatının hamımızın yaxşı tanıdığı, adını dilimizə belə gətirmək istəmədiyimiz Leyla Yunusu ölkədən qaçırmaq üçün necə can-fəşanlıq etdiyinin şahidi olduq. Həmin diplomat Yunusovanın Azərbaycan polisi ilə necə davrandığını, ona qarşı necə təhqirlər yağdırdığını gördü. Belə olan halda Amerikada anındaca ən yaxşı halda həmin qadının qolu qandallanaraq həbsxanaya atılardı. Amma həmin hadisə burada baş versəydi Leyla Yunusa mərhəmətli yanaşmanı istəyən ABŞ və digərlərinin reaksiyasının necə olacağı hər birimizə bəllidir. Əgər söhbət ABŞ-la Azərbaycanı müqayisədən gedirsə, o zaman ABŞ-ın məhz Azərbaycandan öyrənməli və amerikalıların Azərbaycanı böyük demokratiya adlandırmağa xeyli səbəblər var. Azərbaycanda qadın hüquqları, qadının seçki hüququ tanınanda ABŞ-da və bir çox Qərb dövlətlərində bu yox idi. Eyni zamanda, demokratiyanın tutumlu elementi olan bu gün ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinə bir çox Qərb dövlətlərində rast gəlinmir. Bu siyasətin özünü doğrultmadığını dilə gətirənlərə Azərbaycan höküməti bir daha göstərir ki, multikulturalizm nəinki özünü doğruldur, hətta qloballaşma dönəmində ən uğurlu variantdır. Çünki bu amil millətlərarası, dövlətlərarası münasibətlərdə harmoniya yarada bilən amildir. Bir məqamı da qeyd edək ki, Azərbaycanın müstəqillik potensialının güclənməsində və enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu danılmazdır. Amma Qərbdəki tərəfdaşlarımız bəzən Azərbaycanın müstəqilliyi məsələsinə yanaşanda bu müstəqilliyi regionun iki böyük dövləti-Rusiya və İrandan müstəqil siyasət kimi başa düşürlər. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz Azərbaycanın milli maraqlarına dayanaraq, xalqın, dövlətin maraqlarını nəzərə alaraq reallaşdırılan siyasətdir. Bizim müstəqil siyasətimiz budur. Bunun səbəbinə hazırki əmin-amanlıq qorunub saxlanılır, inkişafın tempi yüksəlir. Bu isə kiminsə xoşuna gəlmir.

- Deyə bilərikmi ki, ABŞ səfiri məhz "Azadlıq radiosu"na müsahibsində onların maraqlarına cavab veriləcək şəkildə fikirlər söyləyib?

- Bəzən necə sual verilirsə, ona uyğun da cavab verilir. Düşünmürəm ki, Morningstar elə bir təcrübəsiz diplomatdır ki, onu ifrat müxalifətçi mövqeyində dayanan jurnalist belə öz missiyasına uyğun gəlməyən bəyanat verməyə vadar etsin.

- Amerikalı həmsədr Ceyms Uorlik status-kvonun dəyişdirilməsi üçün Dağlıq Qarabağdan kənar 7 rayonun Azərbaycana qaytarılmasının vacibliyini qeyd edib. Amma digər ərazilər haqında heç nə deyilmir. Əgər şərtlər qəbul edilərsə sonrakı mərhələdə nəyi gözləyirik?

- Bu məsələ yeni deyil. Belə ki, bunlar Madrid prinsiplərində öz əksini tapmış məsələlərdir. Düşünürəm ki, Uorlik Twitter diplomatiyasına uyğun olaraq, bilərəkdən burada Dağlıq Qarabağın status məsələlərini ön plana çıxarıb. Belə ki, status məsələsi ən son həll ediləndir. Son günlərdə Uorliki ATƏT-in Minsk Qrupunun statusunda görməkdən çox ABŞ-dakı erməni lobbisinin maraqlarının təmsilçisi kimi görürdük. Qətiyyən öz missiyasına, statusuna uyğun gəlməyən bəyanatlarla Twitter səhifəsində çıxış edirdi.

Dağlıq Qarabağ məsələsinin mərhələli şəkildə həll edilməsinə gəlincə, ilk olaraq 7 rayon qaytarılmalıdır. Daha sonra isə Dağlıq Qarabağın statusu öz həllini tapmalıdır. Bu status yalnız və yalnız Azərbaycanın sərhədləri çərçivəsində ola bilər.

- Təkliflər arasında Azərbaycanın nəzarəti altında Laçın dəhlizinin yaradılmasının vacibliyi də qeyd edilir. Fikrinizcə, Ermənistan bu təklifdən necə yararlanacaq?

- Ermənistanı Azərbaycanla bağlayan bir dəhlizin olmasına prinsip etibarı ilə dövlətimiz etiraz etmir. Əgər Ermənistanı Dağlıq Qarabağla bağlayan dəhlizdən danışsaq, o zaman gərək Naxçıvanı da Azərbaycanın digər torpaqları ilə bağlayan dəhlizin olması məsələsinə toxunulsun. Yəni, bu təklifi irəli sürənlər istər-istəməz Azərbaycanın mövqeyini nəzərə almalıdırlar.

- Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərini Parisə görüşə dəvət etdi. Ümumiyyətlə bu görüş baş tutacaqmı və biz bundan nə gözləyirik?

- Görüşün baş tutmasının əsas səbəblərindən biri Ermənistanın danışıqlar naminə danışıqlara getməmək məsələsidir. Əgər Ermənistan növbəti bəhanə ilə aradan çıxmayacaqsa, konstruktiv danışıqlara hazırdısa, təbii ki, Azərbaycan münaqişənin həll edilməsində maraqlıdır. Dəfələrlə bəyan etmişik və düşünmürük ki, danışıqlar yolu ilə münaqişənin həlli potensialı tükənib. Əgər tükənsə açıq şəkildə savaşa gedərik. Dəfələrlə Cənab Prezidentin bəyanatlarında eşitmişik ki, Azərbaycan hansı yolla olur olsun torpaqlarını geri qaytaracaq. Əgər savaşa gedilmirsə, deməli bizim ümüdlərimiz hələ tükənməyib. Əgər Fransa, ABŞ və Rusiya beynəlxalq hüququn, beynəlxalq normaların yanında olsalar, öz missiyalarına uyğun fəaliyyət göstərsələr, ədalətin bərqarar olmasında maraqlı olsalar şübhəsiz ki, bu məsələ tezliklə öz həllini tapa bilər.

- Suriyadan olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinə ATƏT eləcə də digər beynəlxalq təşkilatların susması nədən qaynaqlanır?

- Bu bir daha ikili standartların göstəricisindən xəbər verir. Həmsədrlər yenidən Laçına və Kəlbəcərə getmək istəyirlər. Bundan əvvəl ATƏT-in fakaraşdırıcı missiyası orada olub amma heç bir nəticə çıxarmadı. Yaxın Şərqin ayrı-ayrı ölkələrindən gətirilən 18 min erməninin qeyri-qanuni şəkildə Dağlıq Qarabağ ərazilərində yerləşdirildiyini təsbit etdilər. Halbuki Azərbaycan tərəfində olan dəqiq informasiyaya görə, həmin rəqəmlər yüksəkdir. Beynəlxalq normalara görə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırmaq ola bilməz. Amma heç bir beynəlxalq təşkilat Ermənistanı pisləyən fikirlər səsləndirilmədi. Bu baxımdan, həmsədrlərin bölgəyə səfəri bizdə o qədər də ciddi mənada təsir imkanı sərgiləmir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə