Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin bu ölkənin "The Prince Arthur Herald" qəzetində baş redaktora ünvanlandığı məktub dərc edilib.
Məktub qəzetdə Ermənistanın Kanadadakı səfirinin mayın 2-də dərc edilən müsahibəsinə cavabdır. Müsahibəsində Ermənistan səfiri Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən ifadələrə yer verib.
Azərbaycan səfirinin yazısında Ermənistan diplomatının münaqişənin mahiyyətinin təhrif edilməsinə yönəlmiş cəhdləri ifşa olunub. Problemin məhz Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü ilə bağlı olduğu vurğulanıb. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə istinad edilərək, bu sənədlərin münaqişənin mahiyyəti ilə bağlı heç bir şübhə yeri qoymadığı bildirilib. Həmin qətnamələrin bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti təsdiqlədiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Ermənistan insan hüquqları və öz müqəddəratını təyinetmə bəhanəsi ilə "Böyük Ermənistan" yaradılması məqsədini daşıyan irredentist siyasət yürüdür və Azərbaycanın Dağlıq-Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun işğalı məhz bu siyasətin tərkib hissəsidir. Yazıda Azərbaycana qarşı təcavüzün etnik təmizləmə və dəhşətli müharibə cinayətləri, o cümlədən Xocalı qırğını ilə müşayiət olunduğu barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, Ermənistan səfirinin Dağlıq-Qarabağın ən az inkişaf etmiş rayon olması barədə iddiaları da reallıqdan uzaqdır. Belə ki, statistik məlumatlara əsasən Dağlıq-Qarabağın sosial və iqtisadi inkişaf göstəriciləri Azərbaycanın digər rayonları ilə müqayisədə daha yaxşı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB