Prezident Fransua Olland: “Ölkələrimiz arasında münasibətlərimizin çox qədim tarixi var”
"Siz məni burada Fransanın Azərbaycandakı bir guşəsində qəbul edirsiniz. Cənab Prezident, bir halda qeyd etdiniz ki, biz fransız məhəlləsindəyik, bundan çox fərəh hissi duyuruq. Çünki buralar gözəldir, müasirdir. Ümumiyyətlə, burada şirkətlər çox sürətlə inkişaf edir. Mən Sizinlə burada gələcəkdə lisey olacaq bir təsisatdayam. Bu liseydə Azərbaycana gəlmiş, inkişafınıza töhfə verən şirkətlər üçün çalışan ailələrdən olan gənc fransızlar təhsil alacaqlar. Lakin iqtisadi inkişafınıza, həmçinin böyük töhfə verən digər ailələrdən də uşaqlar buraya gələcəklər və nəhayət, öz təhsilini daha da təkmilləşdirməyi arzulayan və artıq fransız dilində danışan azərbaycanlılar da onların sırasına qoşulacaqlar". Bunu Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanışlıq mərasimində çıxışı zamanı deyib.
Prezident Fransua Olland bildirib ki, mən buraya qoyulan sərmayəni mümkün etdiyinizə, eləcə də göstərdiyiniz səylərə görə şəxsən Sizə və xanımınıza təşəkkür edirəm. Buraya 350-dən çox şagird qəbul olunacaqdır. Onların təhsil həyatı burada birləşəcək: "Mən etdiyiniz dəvətə cavab olaraq buraya - Azərbaycana səfər etmək istəyirdim. Bu dəvəti Siz hələ 2012-ci ilin sentyabrında mənə etdiniz. Həmin vaxt Siz Luvr Muzeyinin İslam incəsənətinə həsr edilmiş bir hissəsinin açılışında mənimlə birgə iştirak etmək üçün ölkəmizə gəlmişdiniz. Azərbaycan muzeyin həmin hissəsinin maliyyələşdirilməsində iştirak etdi, biz bundan fərəhlənirik. Luvr Muzeyi dünyanın ən gözəl muzeylərindən biridir. Mən hətta elə düşünürəm ki, Luvr dünyanın ən gözəl muzeyidir və biz orada saxlanılan eksponatların müəyyən hissəsini bütün dünyada nümayiş etdirməliyik. Sizin də qeyd etdiyiniz kimi, dünyanın ən nüfuzlu incəsənət, mədəniyyət nümunələrini də muzeyimizdə sərgiləməliyik.
Mən əməkdaşlığımıza qayıtmaq istərdim. Əslində səfərimin bu iki günü ərzində mən bu məsələləri xüsusi olaraq nəzərdən keçirəcəyəm. Bu gün Azərbaycanda çoxlu fransız şirkətləri fəaliyyət göstərir. Bir çox digər şirkətlərin rəhbərləri bu səfər çərçivəsində məni müşayiət arzusunu bildirmişdilər. Biz iqtisadiyyatınızın inkişafına töhfə vermək üçün ölkənizdə çalışan fransız şirkətlərinin sayını artırmaq istəyirik. Bu, əlbəttə ki, enerji sahəsinə də aiddir. Həmçinin təklif edəcəyiniz digər yeni sahələrdə də işləməyi arzulayırıq. Elə onlardan birini xatırlatmaq yerinə düşərdi. Bu, şəhərsalma sahəsidir. Sizin şəhəriniz Cənubi Qafqazda ən böyük əhalisi olan şəhərdir. Bu şəhərdə böyük inkişaf müşahidə olunur. Şəhər dəyişib, bu şəhər böyük liman şəhəridir, böyük sənaye şəhəridir. Bu şəhər böyüyür və dünyanın ən nüfuzlu şəhərlərindən birinə çevriləcəkdir. Fransa bu gözəl layihədə sizinlə işləmək istəyir, ən yaxşı xidmətləri, şəhər xidmətlərini, nəqliyyat xidmətlərini, içməli su və çirkab suların təmizlənməsi xidmətlərini göstərmək, tullantıların idarə edilməsində yardımçı olmaq istəyir. Bir sözlə, biz istəyirik sizə yardım edək ki, Bakı şəhəri və digər şəhərləriniz davamlı inkişaf baxımından nümunəvi olsun.
Biz sərmayə qoymaq, mübadilə etmək, ticarət aparmaq istəyirik. Biz bu işləri görmək istəyirik və bu, ölkələrimiz arasında olan münasibətlərin əsas vəzifəsidir. Biz təhsil, texnoloji biliklərin mənimsənilməsində iştirak etmək istəyirik. Ölkənizin universitetləri ilə də işləmək istəyirik.
Cənab Prezident, Siz təhsil almaq üçün Fransaya gələn tələbələrinizi qeyd etdiniz. Biz onları ən yaxşı səviyyədə qəbul etmək istərdik. Biz hətta Parisdə universitet korpuslarından birində Azərbaycan tələbələri üçün şərait yaratmağa hazırıq ki, biliklərin birgə əldə edilməsində və hətta elmi tədqiqatlarda iştirak edən azərbaycanlıların sayı çox olsun.
Siz burada təqaüdlər haqqında danışdınız. Əlbəttə, biz də müəyyən maliyyə imkanlarımız hesabına təqaüdlər ayıra bilərik ki, ölkənizin tələbələri Fransaya gələ bilsinlər. Bu, mənim Azərbaycana səfərim başlayan andan atılan rəmzi addımdır. Siz əlinizdən gələni etdiniz, burada mənim yanımda Eyfel qülləsini görürsünüz. Amma bu işi bilməyənlər səhv salmasınlar. Görün, burada, həmçinin Bakının tarixi abidəsi - Qız qalası da vardır. Siz bunu nümayiş etdirmək istədiniz. Bu, o deməkdir ki, ölkələrimiz arasında münasibətlərimizin çox qədim tarixi vardır. Onilliklər ərzində bu əlaqələr güclənib. Bu, xüsusən də müstəqilliyinizi bərpa etdikdən sonra baş verdi. Biz bu inkişafda iştirak etmək istəyirik.
Mən bir neçə günlüyə Qafqaza gəlmişəm. Çünki gördüyünüz işlərə inanıram. Dünyanın bu guşəsində, xüsusən də Azərbaycanda böyük inkişaf gedir. Biz də istərdik ki, sizin bütün dünyada, Avropada işlədiyiniz kimi, yəni, inkişafı birgə təmin edək, onu dayanıqlı edək və bu inkişaf xalqlarımıza rifah gətirsin.
Ölkənizə səfər etmək üçün dəvətinizə görə minnətdaram. Ölkənizi özüm üçün kəşf etdim. İlk dəfədir ki, buraya səfər edirəm. Lakin sizi əmin edirəm ki, bu səfər sonuncu səfər deyildir.
Sizlərə sağ ol deyirəm. Lisey şagirdlərinə bu gələcək təhsil ocağında uğurlar arzulayıram. Biz burada onun yalnız bir hissəsini gördük. Qalan hissəsi də başa çatdırılacaqdır. Burada müddət çox qısadır. Bakıda lisey tikmək Parisdən fərqli olaraq iki dəfə tez başa çatdırılır. Beləliklə, sentyabr ayında burada lisey 350 şagird üçün artıq açıq olacaqdır. Onların fotolarını isə bizə göndərəcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB