YAP GB-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilən “Çiçəklənən Azərbaycan” fotosərgisi keçirildi

YAP GB-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilən “Çiçəklənən Azərbaycan” fotosərgisi keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilən "Çiçəklənən Azərbaycan" mövzusunda fotosərgi keçirilib. Sərginin müəllifi Hüseyin Mehdiyev öz işlərini gənclərə təqdim edib.

Tədbirdə YAP GB-nin sədri Seymur Orucov, rayon təşkilatlarının gənclər birliyinin sədrləri və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan xilas etdikdən sonra ölkəmizdə bütün sahələrdə inkişaf mərhələsinə başlanıldı. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində bütün sahələrlə yanaşı, gənclərə də xüsusi dövlət qayğısı göstərilməyə başlandı: "Belə ki, ölkənin təlatümlərindən çıxan Azərbaycan gəncliyi öz bacarıq və potensialını respublikadan kənarda istifadə edir, bununla ölkəyə öz səmərələrini verə bilmirdi. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı gənclər siyasəti nəticəsində Azərbaycandan kənarda fəaliyyət göstərən azərbaycanlı gənclər yenidən respublikaya dönməyə başladılar. Elm, təhsil və digər sahələrə cəlb edilən gənclər artıq bu gün Azərbaycanın tanımış ictimai-siyasi xadimlərinə çevrilib, ölkənin, dövlətin quruculuğunda müstəsna xidmət göstərirlər".

Seymur Orucov onu da qeyd etdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət və bu siyasətin tərkibində yer alan gənclər siyasəti Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir: "Biz gənclər də məhz Heydər Əliyev siyasi kursunun davamında Cənab Prezidentin ətrafında sıx birləşmişik. Ölkəmizin inkişafı, tərəqqisi uğrunda bizlərin hər biri bu yolda növbəti qələbələrə və zəfərlərə doğru inamla irəliləyirik".

Sonra çıxış edən gənclər də öz növbələrində vurğuladılar ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurlu davamı kimi, ölkə gəncləri Prezident İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşiblər. Azərbaycan gəncliyi gələcəkdə daha böyük uğurlara imza atmağa qadirdir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə