ABŞ xüsusi xidmət orqanlarının 2 may 2011-ci il tarixində Pakistan ərazisində həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində dünyanın 1 №-li terrorçusu hesab edilən Üsəma ben Laden qətlə yetirildi. Baş verməsindən dərhal sonra dünya kütləvi informasiya vasitələrinin manşetinə çıxarılan əsas xəbər məhz bu hadisə ilə bağlı oldu. Terrorçunun ləğvi əməliyyatının Prezident Barak Obama, Dövlət katibi Hillari Klinton və digər yüksək rütbəli ABŞ rəsmilərinin "on-line" üzrə birbaşa izləmələri də bu hadisəyə xüsusi çalarlar əlavə etdi. Bütün bu həqiqətlər fonunda anlaşılmaz və müəmmalı məqamlar da nəzərdən yayınmadı. Cavabını gözləyən bir sıra suallar meydana gəldi. Bu gün həmin hadisədən-dünyanın 1 №-li terrorçusunun qətlə yetirilməsindən düz 3 il ötür. Bu yazını da elə həmin suallara tapacağımız subyektivliyi istisna olunmayan cavablar əsasında qələmə almağa qərar verdik. Rəsmi Vaşinqton 2010-cu ilin avqust ayından müttəfiqi Pakistan ərazisində Üsəma ben-Ladenin sığınacaq tapması ilə bağlı məlumata malik olduğunu, əslində isə onun bu ərazidə son 6 ildə yaşadığını etiraf etmişdir. Eyni zamanda bütün bu müddət ərzində beynəlxalq terrorçuluğa qarşı mübarizədə müttəfiq olan ABŞ və Pakistanın Üsəma ben-Ladeni ələ keçirə bilmədikləri də həmin acı etiraflar sırasındadır. Doğrudanmı ABŞ və Pakistanın xüsusi xidmət orqanları bu qədər səriştəsizlik və qeyri-peşəkarlıq nümayiş etdirmişlər, yoxsa burada başqa səbəblər vardır? Zənnimizcə, qoyulan sualın birinci hissəsini təsdiqedici cavab kimi əsaslandırmağa başlasaq siyasi səriştəsizlik nümayiş etdirmiş olarıq. Düzdür, Pakistan prezidenti A.A.Zərdari, ölkə ordusunun komandanı, general A.P.Kiyani, kəşfiyyatın rəhbəri general Ş.Paşa və dövlətin təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyan digər yüksək rütbəli rəsmilər hər vəchlə iddia edirlər ki, onlarda Üsəma ben-Ladenin ölkədə gizlənməsi haqqında səhih məlumat olmamışdır. Eyni zamanda qeyd edirlər ki, bu əməliyyatı həyata keçirərkən ABŞ Pakistanı məlumatlandırmamış və onların bu prosesdə heç bir iştirakı olmamışdır. Bunu ABŞ da təsdiqləyir. Hətta general A.P. Kiyani xəbərdarlıq etmişdir ki, əgər ABŞ anoloji addımı bir daha Pakistan ərazisində atarsa, bu halda rəsmi İslamabad ABŞ-la bağlı siyasətinə yenidən baxa bilər. General Ş. Paşa isə 2011-ci il mayın 7-də Vaşinqtona səfər etmiş və ölkəsinin bu məsələ ilə bağlı mövqeyini qarşı tərəfin nəzərinə çatdırmışdır. Pakistan parlamenti isə "Üsəma ben-Laden işi" ilə bağlı prezident A.A. Zərdarinin və hökumətin başçısı Y.R.Gilaninin istefasını tələb etmişdir. Üsəma ben-Ladenin öldürülməsi əməliyyatı ilə bağlı təqdim edəcəyimiz bir sıra sadə həqiqətlər yuxarıda sərgilənən siyasi gedişlərin "siyasi şou"dan başqa bir şey olmadığı reallığını üzə çıxarır. Bu məsələdə ABŞ və Pakistanın xüsusi xidmət orqanlarını qeyri-peşəkarlıqda təqsirləndirmək düzgün olmazdı. Əksinə, dünyanın 1 №-li terrorçusunun öldürülməsi hər iki ölkənin müvafiq təhlükəsizlik orqanlarının uğurlu tandemi nəticəsində baş tutmuşdur. Bu hadisənin başqa vaxtda deyil, məhz indi həyata keçirilməsi də təsadüfi xarakter daşımamışdır. Fikrimizi əsaslandırmağa çalışaq. ABŞ xüsusi xidmət orqanlarının "dəniz suitiləri" adlanan elit qrupu 4 helikopterlə Əfqanıstandan havaya qalxır, Pakistanın hava hücumundan müdafiə qüvvələrinin nəzərindən yayınmaqla ölkə sərhəddini xəbərdarlıq etmədən keçir, paytaxt İslamabadın 60 kilometrliyində yerləşən Abbatabad şəhərinə eniş edir və burada, şəhərin elit rayonunda, Pakistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qonşuluğunda 6 il əvvəl tikilmiş, dəyəri 1 milyon dollar olan villaya, daha doğrusu onun qeyri-adi sakininə hücumu həyata keçirir. Bununla da Üsəma ben-Laden epoxası başa çatır. Yəqin ki, siyasi "obıvatel"lərin dərhal inanacaqları bu ssenariyə istənilən millətin orta statistik vətəndaşı ən azı skeptik yanaşmış olar. Axı necə ola bilər ki, elit hərbi akademiyanın qonşuluğunda yerləşən villada kimlərin yaşadığı faktı bu 6 il ərzində Pakistanın müvafiq icra orqanlarının, xüsusilə də təhlükəsizlik qurumlarının diqqətindən kənarda qalıbdır? Axı necə ola bilər ki, dəyəri 1 milyon dollar olan və ətrafdakı binalardan əzəməti ilə seçilən villanın sakinlərinin kimlər olması faktı ən azı insani maraq, qibtə və ya həsəd baxımından diqqəti cəlb etməyibdir? Axı necə ola bilər ki, terrorla mübarizənin "olum və ya ölüm" dilemmasına çevrildiyi bir ölkədə, xüsusilə 2008-ci ilin sentyabr ayında "Marriot" oteli yaxınlığında dəhşətli terror aktı həyata keçirildikdən sonra paytaxt ərzisində təhlükəsizlik və polis qüvvələrinin patrul xidməti ən yüksək səviyyəyə qaldırıldığı reallığında belə şəhərin elit hissəsində yerləşən həmin villa və onun məşhur sakini Üsəma ben-Laden heç kimi maraqlandırmır. Hesab edək ki, sırf təhlükəsizlik maraqlarından çıxış edərək villanın bütün sakinləri, xüsusilə Üsəma ben-Laden müasir texnoloji vasitələrdən (telefon, sputnik televiziya, internet və s.) istifadə etməmişdir. Bəs onda bu faktı necə əsaslandırmaq olar ki, ben-Laden özü olmasa da belə, hər halda onun yaxın ətrafı ən azı adi məişət problemlərini həll etmək üçün ətraf aləmlə ünsiyyətə girməli olmuşlar. 6 il ərzində yaxınlıqdakı dükan və mağazalardan özləri üçün zəruri olan malları almışlar. Heç şübhəsiz, həmin obyektlərin sahibləri öz alıcılarını, xüsusilə də daimi müştərilərini yaxşı tanıyırlar. Ən azı Pakistanın xüsusi xidmət orqanları və ya onların amerikalı həmkarları belə iş adamlarının məlumatlarından faydalana bilərdilər. Deməli, bu məsələdə həqiqəti digər mətləblərdə axtarmaq lazımdır. Heç şübhəsiz, hadisələrin baş verdiyi real zaman rejimində hər hansı əsaslandırılmış mühakimə irəli sürmək və proqnoz vermək kifayət qədər müşkül məsələdir. Buna baxmayaraq, baş verəcək istənilən hadisənin törədilməsindən əvvəl müəyyən əlamətləri biruzə verdiyi reallığına söykənərək malik olduğumuz faktlar və arqumentlər əsaında təhlil etdiyimiz hadisə ilə bağlı bəzi nəticələrimizi və proqnozlarımızı irəli sürə bilərik. Əvvəla, Pakistanın xüsusi xidmət orqanları artıq uzun illərdir ki, terrorla permanent mübarizə vəziyyətində olduqlarından kifayət qədər peşəkardırlar və elə bu səbəbdən də Üsəma ben-Laden və onun ailəsinin nəinki ölkə ərazisində olduğundan məlumatlı olublar, eyni zamanda ona "sığınacaq" verməklə Qərblə əsil "siçan-pişik oyunu" oynamışlar. İstisna deyildir ki, ABŞ-dan 1№-li terrorçunun təhvil verilməsinin əvvəzi olaraq daha böyük məbləğ tələb etsələr də, bu məsələdə qarşılıqlı kompromis əldə edilmədiyindən proses 6 il çəkmişdir. İkincisi, həmin müddət ərzində "Əl-Qaidə" liderinin Pakistan ərazisində həbs edilməməsi və ya öldürülməməsi ona dəlalət edə bilər ki, de-yurye olmasa da, de-fakto bu təşkilat ölkənin xüsusi xidmət orqanlarının xüsusi bir qanadı funksiyasını yerinə yetirmişdir. Üçüncüsü, Üsəma ben-Ladenin məhv edilməsi ilə bağlı əməliyyat ABŞ və Pakistan arasında əldə edilmiş böyük bir sövdələşmənin nəticəsi olaraq həyata keçirilə bilər. Bu sövdələşmənin predmetinə gəldikdə isə, burada tərəflərin ortaq məxrəcə gəlməsini şərtləndirən üç amilə xüsusi diqqət yetirmək lazımdır. Bunlardan 2-ci birbaşa ABŞ ilə bağlıdır, 1-i isə Pakistanla əlaqədardır. Daha dəqiq desək, "böyük sövdələşmə"nin nəticəsindən qaynaqlanaraq Barak Obama administrasiyası qarşıdan gələn 2012-ci il prezident seçkilərində yenidən qalib gəlmək üçün yüksək reytinqə və deməli adekvat olaraq potensial seçici səsinə malikliyi təmin edirdi. Bundan savayı, Prezident Barak Obama seçiciləri qarşısında verdiyi vədi-Əfqanıstandan ABŞ qoşunlarını qısa müddətdə çıxarmaq öhdəliyini yerinə yetirmək üçün əlverişlı və münbit şərait əldə edirdi. Deməli, seçkiqabağı dövrdə sözü ilə əməli üst-üstə düşən prezident imicini formalaşdırmış olurdu. ABŞ qoşunlarının olmadığı qonşu Əfqanıstanda siyasi proseslərə ən ciddi təsir etmək və bir çox hallarda onları idarə etmək inhisarı isə məhz Pakistana keçmiş olurdu. Əfqanıstanda Həmid Kərzai hökuməti ilə rəsmi İslamabadın heç də isti olmayan münasibətləri fonunda ikincinin bu ərazidə bir çox hallarda ABŞ-ı əvəz etmək səlahiyyətlərinə yiyələnməsi haqqında bəhs etdiyimiz "böyük sövdələşmə"nın vacib elementlərindən biri kimi dəyərləndirmək mümkündür. Heç şübhəsiz, Üsəma ben-Ladenin öldürülməsi "Əl-Qaidə" terror təkilatına və ümumən, beynəlxalq terrorçuluğa endirilmiş ağır zərbədir. Buna baxmayaraq, həlledici zərbə deyildir. Qlobal təhlükə mənbəyinə-beynəlxalq terrorçuluğa qalib gəlmək üçün mübarizə nəticə ilə deyil, səbəblə aparılmalıdır. Terrorçunu (nəticə) öldürmək mümkündür, lakin onun daşıyıcısı olduğu ideologiya (səbəb) belə təzyiqlərə nəinki davamlıdır, hətta unikal mutasiya qabiliyyətinə malikdir. Deməli, mübarizə, ilk növbədə, terrorçuluğu doğuran münbit şəraitə ünvanlanmalıdır. Yoxsulluq, savadsızlıq, siyasi azadlıqların natamam səviyyəsi və ya olmaması, sosial ədalətsizlik, dini və etnik dözümsüzlük, beynəlxalq münasibətlər sistemində balansın pozulması və digər amillər həmin şəraiti doğuran motivlər sırasındadır. Beynəlxalq terrorçuluğa qarşı "hər zaman və hər yerdə", kollegial, əlaqələndirilmiş və yuxarıda səsləndirilən səbəb-motiv kontekstində mübarizə aparılmasa, əks halda sivil bəşəriyyəti daha dəhşətli təhdidlərlə üz-üzə qoyacaq yeni "Laden"lərin peyda olması labüd olacaqdır. Bu, müasir dünyamızın real və mistik həqiqətidir.
Elman Nəsirov
YENİ AZƏRBAYCAN PARTİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB