Fəzail Ağamalı: “Onlar özlərini dünyanın hakimi kimi aparıblar”

Fəzail Ağamalı: “Onlar özlərini dünyanın hakimi kimi aparıblar”

"Leyla Yunusun arxasında Azərbaycanı sevməyən, daha çox erməni lobbisinin təsiri altında olan qüvvələr var. Fransa və ABŞ səfirliklərinin rəsmi şəxslərinin Leyla Yunusu Hava limanına qədər müşayiət etməsi onların diplomatik fəaliyyət səlahiyyətlərinə daxil deyil". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

F. Ağamalı bildirib ki, Fransa və ABŞ səfirliklərinin nümayəndələri sözün həqiqi mənasında müəyyən olunmuş həddi keçərək, diplomatik fəaliyyətlə bağlı beynəlxalq razılaşmaları, konvensiyaları pozublar: "Dünyanın demokratik dövlətləri hesab olunan Fransa və ABŞ Azərbaycanla sıx əməkdaşlıq edir. Amma, bu hadisə zamanı həmin dövlətlərin ölkəmizdəki səfirliklərinin əməkdaşları özlərini dünyanın hakimi kimi aparıblar".

"Məlum olduğu kimi jurnalist Rauf Mirqədirov Leyla Yunusun layihələri çərçivəsində Ermənistana gedib və bu ölkənin xüsusi xidmət orqanları ilə işbirliyində şübhəli bilinir. Hesab edirəm ki, Leyla Yunusu ölkədən çıxarmağa çalışan səfirlik onu Rauf Mirqədirovun işi ilə bağlı istintaqdan yayındırmaq üçün Fransaya getməsinə yaşıl işıq yandırıblar. Həmçinin onlar Leyla Yunusu ölkədən çıxarmaqla Ermənistan xüsusi xidmət orqanları və onu müdafiə edən insanlarla Fransada Azərbaycan əleyhinə daha geniş iş aparmasına çalışıblar. Bu hal isə yol verilməzdir və Azərbaycanın daxili işlərinə qarışmaq, dövlətimizin suveren hüquqlarını təhdid etmək, beynəlxalq hüquq normalarını pozmaq kimi qiymətləndirilir. Bu məsələ ilə bağlı Milli Məclisin sabahkı iclasında daha konkret fikirlərimi ortaya qoyacam"- deyə, millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə