Prezident İlham Əliyev: "Torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik"

Prezident İlham Əliyev: "Torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik"

"Hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur, biz daha güclü olmalıyıq". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxış edərkən deyib.

Ölkə rəhbəri bildirib ki, BMT-nin 4 qətnaməsi var və həmin qətnamələrdə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunur: "Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib. Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır. Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb. Hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur. Biz öz taleyimizin sahibi olmalı, daha güclü olmalıyıq. Çalışmalıyıq ki, cəmiyyəti əsas prioritetlər ətrafında toplayaq. Bu, torpaqlarımızın azad edilməsi, müstəqilliyimizin güclənməsi və insanlar üçün daha yaxşı həyat şəraiti qurulmasıdır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunursa, cəmiyyət parçalanmır. Çatışmazlıqları da müzakirə etməliyik. Ancaq əsas odur ki, cəmiyyətimiz birləşib".

Bütün xəbərlər Facebook səhifəmizdə