Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı vacibdirmi? ARAŞDIRMA

Əflatun Amaşov: “Bizim başlıca hədəfimiz ondan ibarətdir ki, jurnalistika özünün keçmiş imicini qaytarsın”
Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı vacibdirmi? ARAŞDIRMA

Jurnalistika fakültəsinə qəbul olmaq üçün imtahan verən abituriyentlərin öncə qabiliyyət imtahanından keçməsi məsələsi zaman-zaman gündəmə gəlirdi. Ayrı-ayrı media ekspertləri jurnalistika fakültəsi üçün qabiliyyət imtahanının vacibliyini qeyd ediblər. Azərbaycanda jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi məqsədilə müzakirələr aparılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rəhbərliyi ilə Mətbuat Şurasının (MŞ) işçi qrupu arasında keçirilən növbəti müzakirədən sonra qəbul edilən qərar gələcəkdə bu sahəyə daha çox həvəsli və bacarıqlı gənclərin üz tutmasına hesablanıb. Belə ki, yeniliklərə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının birinci mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK-nın quracağı müsabiqə komissiyasının keçirdiyi müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar. Nəzərdə tutulmuş digər yeniliyə görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda jurnalistika ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər ərizə qəbulu mərhələsində internetlə sorğu anketi dolduraraq qeydiyyatdan keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.

Jurnalistika fakültəsində qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı çoxdan müzakirə olunan və nəhayət, reallaşan qərar bu sahədə hansı yeniliklərə yol açacaq? "Jurnalistikaya ən həvəsli və istedadlı gənclər gəlməlidir", - fikirləri özünü doğruldacaqmı? Bu və digər suallara komissiyanın üzvləri cavab verirlər:

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, artıq ötən gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmasına qəbul üçün qabiliyyət imtahanları keçirilir: "Qabiliyyət imtahanları üzrə komissiyanın rəhbəri özüməm. Artıq iki gündür ki, qabiliyyət imtahanları davam edir. Biz bakalavrlarla görüşürük və onların dünyagörüşü, Azərbaycanın keçmişi, bu günü və gələcəyi ilə bağlı fikirləri, təsəvvürləri, cəmiyyətin inkişafında jurnalistikanın rolu, onlar nəyə görə bu peşəni seçirlər və s. məsələlər ətrafında onları sual-cavab edirik. Artıq bu ildən magistratura pilləsində ikipilləli qabiliyyət imtahanı keçirilir. Bunlardan birincisi əyani görüş, dialoqdur. Belə ki, həmin insanlar ekspertlərlə görüşürlər və fikir mübadiləsi aparırlar. İkinci mərhələ isə inşa yazmaqdır. Təbii ki, bu da bir müddətdən sonra olacaq. Hazırda birinci mərhələ davam edir. Burada onlara ünvanlanan suallar daha geniş spektrdədir. Çünki bu zamana kimi yalnız jurnalistika və hümanitar pilləni bitirən insanlar magistr olmaq istəyirdilər. Ancaq bu ildən etibarən bu sahə genişləndi və dəqiq elmlər, eləcə də digər sahələrdə də bakalavr təhsili alan insanlar jurnalistika sahəsində təhsilini davam etdirmək üçün magistraturaya daxil ola bilərlər. Məhz buna görə də biz onlarla daha geniş fikir mübadiləsi aparırıq. Bizə maraqlıdır ki, başqa ixtisası seçənlər nəyə görə öz təhsillərini jurnalist kimi davam etdirmək istəyirlər? Bundan sonra onlara Kütləvi İnformasiya Vasitələrində dərc olunmuş (janrından, həcmindən asılı olmayaraq) müxtəlif mətn verilir. Beləcə həmin mətnlər onlar tərəfindən oxunur və təhlil edilir. Bizim üçün onların mətbuatda gedən yazılara münasibəti çox maraqlıdır. Üçüncü mərhələdə isə onlara redaksiya tərəfindən hər hansı bir tapşırıq verilir. Beləcə onlar həmin tapşırığı yerinə yetirərək öz planlarını bildirirlər. Daha sonra onların təhsil aldıqları müddətdə jurnalistika ilə məşğul olmaları, yazılarının mövcudluğu, reportajlarının olub-olmadığı və s. müəyyənləşdirilir. Bundan sonra onlara ekspertlərin ümumu qiymətləri verilir. Əgər həmin insanların göstəriciləri məqbuldursa ikinci mərhələyə buraxılırlar. Bununla belə növbəti mərhələ orta məktəbi bitirən abituriyentlər üçün nəzərdə tutulub. Onlar hələ bir il ərzində esse yazacaqlar. Təbii ki, həmin esseleri də ekspertlər yoxlayacaqlar və əgər onların yazılarında jurnalistikaya aid qığılcımlar hiss edilərsə qiymət veriləcək".

Bəs gəlin görək, bu, Azərbaycan jurnalistikasına nələri verəcək ?

"Hazırda bır sıra universitetlərin jurnalistika fakültələrində mütəmadi olaraq monitorinq aparılır. Biz burada tələbələrin fikirlərini öyrənirik. Beləcə, məlum olur ki, ora daxil olan tələbələrin xeyli hissəsi test yolu ilə və təsadüfi olaraq həmin fakultəyə daxil olublar. Bizim istəyimiz ilk mərhələdə ondan ibarətdir ki, jurnalist olmaq istəyən insanlar bu ixtisasa yiyələnsinlər. Hesab edirəm ki, əgər arzu, istək varsa yerdə qalan bilik və digər məsələlər jurnalistika fakültəsində öz həllini tapacaq. Bundan başqa jurnalistika sahəsində dərsliklərlə, müəllimlərin hazırlığı və s. ilə bağlı islahatlar aparılmalıdır. Beləcə, yaxın illərdə biz istəyirik ki, jurnalistika fakültəsində təhsil alan tələbələr həm öz sahələrində bilikli olsunlar, həm də bir neçə xarici dilə yiyələnsinlər. Bizim başlıca hədəfimiz ondan ibarətdir ki, jurnalistika özünün keçmiş imicini qaytarsın. Komissiyanın üzvləri Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllimlərindən və Azərbaycan Mətbuat Şurasının üzvlərindən ibarətdir. Bura BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, BDU-nun professoru Nəsir Əhmədli, MŞ-nın İdarə Heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digələri daxildir".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Bildiyiniz kimi 24 noyabr 2013-cü il tarixində Prezident İlham Əliyevlə jurnalistlərin görüşündə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının keçirilməsi məsələsi gündəmə gəldi. Təbii ki, dövlət başçısı bu təklifi dəstəklədi və müsabiqə yolu ilə jurnalistika fakultəsinə qəbulun reallaşması ilə bağlı müvafiq tapşırıqlarını verdi. Hesab edirəm ki, bu, həm jurnalistika sahəsinə marağın artmasına, həm də jurnalistlərin peşəkarlığının daha da yüksəlməsi istiqamətində kifayət qədər uğurlu bir addım olacaq. Ümumiyyətlə, bir sıra sahələr var ki, orada mütləq istedad tələb olunur. Təbii ki, jurnalistika da bu sahələrdən biridir. Bu gün test vasitəsi ilə daxil olanların əksəriyyəti gələcəkdə görürsən ki, heç də jurnalist olmaq niyyətində olmayıblar. Sonradan məlum olur ki, onlar sırf təsadüfən, kodlaşdırma nəticəsində jurnalistika fakültəsinə daxil olublar. Hesab edirəm ki, istedadlı gənclərin müsabiqə yolu ilə bu sahəyə daxil olmaları təqdirəlayiq haldır".

Qeyd edək ki, bakalavrlar 18 aprel tarixindən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənədi, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda "Qabiliyyət imtahanı komissiyası"na təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçən, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanan jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə