Hemofiliya xəstəliyi ilə mübarizəylə bağlı tədbir keçirilib

Hemofiliya xəstəliyi ilə mübarizəylə bağlı tədbir keçirilib

Bu gün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "Hemofiliya haqqında nə bilirik?" və "Hemofiliya irsi xəstəlikdir" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Ombudsman Aparatının, Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edib.

Çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bildirib ki, bu il də rəhbərlik etdiyi Assosiasiya Dünya Hemofiliya Günü münasibətilə təbliğat və maarifləndirmə işlərini davam etdirir: "Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycan artıq 15 ildir bu günü qeyd edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də mütəmadi olaraq bizimlə birgə fəaliyyət göstərir".

Elmi Praktik Hemofiliya Mərkəzinin sədri Elmira Qədimova isə qeyd etdi ki, Azərbaycanda yaşayan hemofiliyalı vətəndaşların məlumat bankında təhlil edilmiş 2013-cü ilə aid olan statistik göstəricilərə əsasən, 18 yaşa qədər 350, 18-40 yaşa qədər 700, 40 yaşdan yuxarı 402 nəfər təşkil edir: "Bu ilin yanvar ayından etibarən isə 22 yeni xəstə qeydiyyatdan keçib. Bu da əlbəttə qorxuludur. Eyni zamanda bizim araşdırmalarımıza görə, hazırda bu xəstəliyin 300 min daşıyıcısı olduğu ehtimalı da var".

Mətbuat konfransında mövzu ilə bağlı bir sıra təkliflər də səsləndirildi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə