Niyamədin Orduxanlı: “Əli Kərimli bu “qisası” İsa Qəmbərdə qoymayacaq”

"İsa Qəmbər Mİlli Şuradan istefa verməklə Əli Kərimlini daha da gülünc vəziyyətə salıb"
Niyamədin Orduxanlı: “Əli Kərimli bu “qisası” İsa Qəmbərdə qoymayacaq”

"Radikal müxalifət partiyalarının son prezident seçkilərindən sonra münasibətləri daha da kəskinləşib". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı radikal müxalifət düşərgəsində qisasçılıq hislərinin baş qaldırmasına münasibət bildirərkən deyib.

BAXCP rəsmisi ümumiyyətlə, müxalifət partiyalarının liderləri arasında səmimiyyətin olmadığını qeyd edib: "İsa Qəmbərlə Əli Kərimli heç vaxt səmimi şəkildə birlik qurmayıblar. İndi də bu siyasəti davam etdirirlər. Fürsət düşdükcə vəziyyətdən istifadə edib bir-birini zəiflətmək üçün aşağılayır və gözdən salırlar. Özlərinə yaxın mətbuat orqanlarında və sosial şəbəklərdə, xüsusən də özlərinə məxsus facebook qruplarında təkcə hakmiyyətə işləməkdə deyil, xarici dövlətlərə və xarici kəşfiyyat orqanlarına da işləməkdə ittiham edirlər. Bunun əsas səbəbi nifrətdir".

Niyaməddin Orduxanlı həmçinin bildirdi ki, İsa Qəmbər öz tərəfdarları ilə Mİlli Şuradan istefa verməklə Əli Kərimlini daha da gülünc vəziyyətə salıb: "Əli Kərimlinin əlində oyuncaq bir quruma çevrilən Milli Şuranın iclasına 88 nəfər üzvündən 38 nəfər qatılır. İclasında üzvlərinin 60 faizi iştirak etməyən qurumun vəziyyətini acınacaqlı adlandırmaq olar. Bunun əvəzini Əli Kərimli İsa Qəmbərdən almalıdır, ya, yox? Əli Kərimli bu "qisası" İsa Qəmbərdə qoymayacaq. Fikrimcə əsas səbəb budur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə