Elçin Mirzəbəyli: “Müstəqil mövqeyimiz milliyyətçi rusların xoşuna gəlmir”
"Rusiyada sərbəst siyasətçilərin sayı azlıq təşkil edir. Əksər politoloqlar bu və ya digər şəkildə Kremlin layihələrində iştirak edirlər". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli Rusiya politoloqu Aleksandr Duginin Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə cavab verəcəyi iddiasına münasibətini açıqlayarkən dedi.
Politoloq qeyd edib ki, bir çox resurslar, o cümlədən media resursları birbaşa Rusiya Prezident Administrasiyası tərəfindən maliyyələşdirilir: "Bu baxımdan da səsləndirilən fikirlərdə müəyyən qədər Rusiyanın dövlət qurumlarındakı əhval-ruhiyyənin təsirləri görünür. Burada müəyyən qədər aqresiyya da özünü büruzə verir. Azərbaycanın nümayiş etdirdiyi müstəqil mövqe bir sıra nasist, milliyyətçi əhval-ruhiyəyə köklənmiş Rusiya vətəndaşlarının xoşuna gəlmir. Politoloq adlandırılan şəxs beynəlxalq hüququn prinsiplərini və Azərbaycanın bütövlükdə durumunu nəzərə alsaydı, bu cür iddialarla çıxış etməli deyildi. Azərbaycan bütövlükdə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü müdafiə etməli idi və etdi. Bu, Azərbaycanın birinci addımı deyildi. Bundan öncə də Gürcüstanın ərazi bütövlüyü ilə bağlı eyni mövqeyi nümayiş etdirmişdi. Eyni zamanda Azərbaycan Serbiyanın ərazi bütövlüyündə də bu addımı atmışdı və bu günə qədər də Kosovanın müstəqilliyini tanımayıb. Belə olan təqdirdə, Rusiya siyasətçilərinin bu qəbildən olan absurd bəyanatlarının heç bir əsası yoxdur. Ukrayna ilə bağlı məsələdə qətnamənin əleyhinə səs verən dövlətlərin siyahısını nəzərdən keçirəndə bəlli bir nəticəyə gəlmək olar. Yəni üçüncü dünya dövlətləri, dünya tərəfindən təcrid olunan ölkələr, eləcə də Ermənistan Rusiyanın Krımı ilhaq etməsinə səs verdi ki, buna görə də təəccüblənməyə dəyməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB