"Türkiyə bütün uğurlarını ilk Azərbaycanla paylaşır" Münasibət

"Türkiyə bütün uğurlarını ilk Azərbaycanla paylaşır" Münasibət

"Türkiyə istənilən seçkilərdən sonra dövlət rəsmilərinin Azərbaycana gəlməsi ənənəvi xarakter daşıyır. Qardaş ölkədə hər hansı bir qələbə və ya uğur olarsa bu, ilk olaraq Azərbaycanla paylaşılır. Ona görə də R.T. Ərdoğanın ölkəmizə səfəri iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından da vacib idi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Nizami Cəfərov deyib.

O bildirib ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərində baş nazirin təmsil etdiyi partiyanın qələbəsi onun növbəti uğuru idi: "Azərbaycanla Türkiyə qardaş ölkələrdir. Bu səfər qarşılıqlı münasibətlərdə yeni bir səhifə oldu. Dünyada bu gün gərgin münasibətlər hökm sürür. Azərbaycanla Türkiyə arasında olan münasibətlərin səviyyəsi elədir ki, dünyada 2 elə dövlət yoxdur ki, müstəqilliyini bu qədər istəsinlər. Bu da istər-istəməz bütün görüşlərdə özünü büruzə verir".

Baş tutan görüş haqqında işçi qrupunun üzvü, millət vəkili Azay Quliyev də vurğulayıb ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərindən sonra Azərbaycana səfəri ənənəvi xarakter daşıyır və eyni zamanda əlamətdar hadisədir: "Ərdoğanın növbəti dəfə inamlı qələbəsi bir daha göstərdi ki, əhalinin böyük əksəriyyəti hazırki hökumətə və onun uğurla həyata keçirilən kursuna etibar edir. Türkiyə stabil və inkişaf edən dövlətdir və bunda ölkənin baş nazirinin böyük xidmətləri var. Ərdoğan 12 il ərzində Türkiyə iqtisadiyyatına böyük töhfə verib. Türkiyə bu gün dünya iqtisadiyyatında layiqli yer tutur".

A. Quliyevin sözlərinə görə, görüş çərçivəsində tərəflər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin hərbi-strateji tərəfdaşlıq kimi mühüm məsələlər müzakirə olunub.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin baş naziri R.T.Ərdoğan bələdiyyə seçkilərindən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə