Son günlər Azərbaycan Demokrat Partiyası (ADP) ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında münasibətlər kəskinləşməkdədir. SİA-nın məlumatına görə, bir neçə gün öncə, ADP sədri Sərdar Cəlaloğlu Milli Şuranı tənqid atəşinə tutaraq qurumu fəaliyyətsizlikdə ittiham etmişdi.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Cəlaloğluna cavab olaraq ADP-ni hakimiyyətə işləməkdə suçlamışdı.
Bu arada digər ADP rəsmisi, partiyanın sədr müavini Taliyət Əliyev sədr Sərdar Cəlaloğlunun müdafiəsinə qalxaraq, həqiqətən də Milli Şuranın yararsız qurum olduğunu bildirib.
"Sərdar bəyin Milli Şura ilə bağlı məlum açıqlaması həqiqəti əks etdirir"-deyə mətbuata açıqlama verən ADP sədrinin müavini onu da qeyd edib ki, hətta bu qurum ötən il yarananda belə Milli Şura anlamını özündə tam ehtiva etdirmirdi. Taliyət Əliyev Milli Şura adının seçilməsini də uğursuz olduğunu deyərək, onu tarixi Milli Şura ilə eyniləşdirməyin doğru olmadığı qənaətindədir: "Hər bir qurum gərək mahiyyətinə uyğun olaraq özünə ad seçə. Populizm naminə böyük adlar seçmək, həmin adların cəmiyyətdə gözdən salınmasına xidmət edir, necə ki, biz bunu 2013-cü il prezident seçkiləri ərəfəsində yaranan Milli Şuranın timsalında gördük".
ADP sədrinin müavini hazırda Milli Şuranın məhz AXCP patronajlığı altında fəaliyyət göstərdiyini deyərək, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlını əxlaqa dəvət edib: "Orda təmsil olunan partiya və qrupların əksəriyyəti dağılışıb getdilər, indi də bir partiyanın patronajlığı altında olan quruma Milli Şura deyirlər. Belə bir quruma Milli Şura demək qeyri-ciddi, məntiqsiz və Milli Şura adını hörmətdən salmaqdır....Belə bir deyim də var, hər kəs hər hansı bir məsələyə öz əxlaqına uyğun olaraq yanaşar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB