Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib. SİA-nın məlumatına görə, ölkə başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun Azərbaycana səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Prezident Emoməli Rəhmonun Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim edib.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanıb, ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Dövlətimizin başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB