"1918-ci il 31 mart azərbaycanlıların soyqırımı" Seminar-Mühazirə

"1918-ci il 31 mart azərbaycanlıların soyqırımı" Seminar-Mühazirə

Bu gün "Humanitar Araşdırmalar İctimai Birliyi" Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ""Azərbaycan tarixi-Azərbaycan gəncliyi" tarixi kontekstdə müasir reallıqlara doğru" layihəsi çərçivəsində növbəti seminar-mühazirə keçirilib. SİA-nın məlumatına görə tədbirdə İctimai Birliyin sədri Nurlanə Qasımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, millət vəkilləri Fazil Mustafa, Qənirə Paşayeva, Musa Qasımlı, bəzi QHT rəhbərləri, ali məktəb tələbələri və KİV nümayəndələri iştirak edib.

Tədbiri açıq elan edən birliyin sədri Nurlanə Qasımlı ilk olaraq birlik və görülən işlər barədə iştirakçılara məlumat verib:

"Bugünkü seminar-mühazirənin mövzusu "1918-ci il 31 mart azərbaycanlıların soyqırımı" adlanır və seminar-mühazirənin keçirilməsində məqsəd tələbələrə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktları ilə tanış etməkdir".

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova deyib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 96 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb: "Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıb".

Daha sonra millət vəkilləri Musa Qasımlı, Qənirə Paşayeva, Fazil Mustafa çıxış edərək o dövrdə baş verən hadisələrdən danışıblar. Vurğulanıb ki, soyqırımla bağlı sistemli işin aparılmasına 1998-ci il 26 mart tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamdan sonra başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə