"Daş yuxular"ın Nobelə layiq görülməsinə millət vəkillərinin münasibəti

“Nobel sülh mükafatının yaradıcısı zamanında bilsəydi ki, onun təsis etdiyi mükafat müəyyən maraqlara, cılız ambisiyalara və qara siyasətə xidmət edəcək, bu mükafatı heç təsis etməzdi"
"Daş yuxular"ın Nobelə layiq görülməsinə millət vəkillərinin münasibəti

Dünyanın bir sıra ictimai xadimləri Azərbaycanda kəskin etiraza səbəb olan "Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylislinin namizədliyini Nobel Sülh mükafatına irəli sürüblər. SİA məsələ ilə bağlı millət vəkillərinin münasibətini öyrənib. Onların fikirlərini təqdim edirik:

Millət vəkili Qüdrət Həsənquliyev: "Əkrəm Əylislinin "Daş yuxular" adlandırdığı romanı mən də oxumuşam. Həmin əsərə heç əsər də demək olmaz. Çünki orada heç bir bədiilik və ya hansısa təxəyyülün məhsulu yoxdur. Kitabdakı hadisələr sanki hansısa bir tarixçinin ordan-burdan eşitdiklərinin yığcamıdır. Kitabı oxuyanda heç bir hiss keçirmirsən. Buna görə də kitab çox aşağı səviyyədə hazırlanıb. Orada söhbət həqiqətlərə söykənməyən faktlardan gedir. Bəzi qüvvələr Nobel mükafatına onun namizədliyini irəli sürməklə, düzgün olmayan həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Kitab nəinki Nobel mükafatına layiq deyil, hətta ona əsər adı da vermək düzgün deyil. Deyərdim ki, həmin kitab Əkrəm Əylislinin yaradıcılığında Azərbaycan xalqına qarşı yazdığı ən zəif yazı idi".

Millət vəkili Tahir Rzayev: "Nobel sülh mükafatına çox böyük hörmət və ehtiramım var. Həyatlarını dünyada sülhün, əmin-amanlığın, insan azadlıqlarının və bəşəriyyətin səadəti uğrunda mübarizəyə həsr edən bu insanlar daima xatırlanmağa, yad edilməyə, sevilməyə layiqdirlər. Ancaq şeytan əməlləri ilə millətləri və xalqları bir-birinə qarşı qoyan, on minlərlə insanın - uşağın, qocanın qətlinə imkan yaradan, yüzlərlə şəhərin, kəndin xarabazarlıqlara çevrilməsinə, milyonlarla adamın dilənçi kökündə yaşamasına, elindən-obasından didərgin düşməsinə səbəbkar olan keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçova Nobel sülh mükafatı veriləndə, bu mükafat tamamilə öz dəyərini itirib. Bir daha inandım ki, dünya ikili standartlarla idarə olunduğu kimi, Nobel sülh mükafatı da ikili standartlarla verilir. Dünyanın bir sıra ictimai xadimlərinin azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstərmələri xəbərini eşidəndə, bir daha sarsıldım. Guya bu ictimai xadimlər Əkrəmi Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyinə görə bu mükafata namizəd göstəriblər. Çox gülməlidir! Məgər öz xalqını təhqir etmək, aşağılamaq, cəllad, qaniçən obrazında göstərmək, olmamışları - hər cür şəri, yalanı, böhtanı, öz nəslinin-kökünün, xalqının, millətinin adına yazmaq, tarixi reallıqları danmaq, düşmənə mələk donu geyindirmək, qaniçəni, qan tökəni, qatili ideallaşdırmaq, mərhəmət, ağıl, mədəniyyət sahibi kimi qələmə vermək mərdlikdirmi? Məgər Əkrəm Əylislinin xalqının başına gətirilənlərdən xəbəri yoxdur?

Əkrəmin namizədliyini bu mükafata təqdim edənlər faciələrin çoxundan xəbərsiz olsalar da, Əkrəm həqiqətləri yaxşı bilir, hadisələri yaxşı görür. Ancaq o, xalqına xəyanətdən çəkinmir. Mən çox təəssüf edirəm ki, bu ictimai xadimlərin imzaları arasında bizim yazıçımız Çingiz Hüseynovun oğlunun da imzası var. O bu yola getməməli, ermənilər tərəfindən başımıza gətirilən faciələri, bəlaları göz önünə gətirməli, düşmənlərimizi təbliğ edən, öz xalqına xəyanət yolu tutan bir yazıçının mövqeyində dayanmamalıydı! Bizim hər birimiz başa düşməliyik ki, haqq nahaqqa satılanda, əyri düzü kəsəndə, cinayətkar cəzasız qalanda, xalqını-vətənini satana, xainə Nobel sülh mükafatı veriləndə dünya dağılmağa, insanlıq məhvə məhkumdur!".

Millət vəkili Azər Badamov: "Nobel sülh mükafatının yaradıcısı zamanında bilsəydi ki, onun təsis etdiyi mükafat müəyyən maraqlara, cılız ambisiyalara və qara siyasətə xidmət edəcək, bu mükafatı heç təsis etməzdi. İndi yazıçı Əkrəm Əliyslinin də Nobel sülh mükafatına təqdim olunmasını ermənipərəst qüvvələrin Azərbaycana qarşı yürütmək istədiyi növbəti məkrli və təxribat xarakterli addımı hesab edirəm. Ə. Əylisli yazdığı bədnam "Daş yuxuları" romanı ilə düşmənə olan məhəbbətini nümayiş etdirməklə, Azərbaycan ictimaiyyətində kəskin etirazla qarşılanıb və qarşılanmaqdadır. Düşünürəm və inanmaq istəyirəm ki, Nobel sülh mükafatını təqdim edən komissiya vətəni, xalqını sevməyən insanlara heç vaxt belə dəyərli mükafatı təqdim etməz. Əgər təqdim olunarsa, o zaman Nobel sülh mükafatı öz dəyərini itirmiş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə