"Düşüncə Mərkəzi" Milli Şuraya alternativ olacaqmı?

Zəfər Quliyev: “Əməkdaşlıq məsələsi reallaşacaq”
"Düşüncə Mərkəzi" Milli Şuraya alternativ olacaqmı?

"El" Hərəkatının sədri Eldar Namazovla Müsavat Partiyasının başqanı İsa Qəmbərin birgə əməkdaşlıq barədə razılığa gəlmələri hər iki təşkilatın yeni yaradılmış "Düşüncə Mərkəzi"ndə fəaliyyətləri ilə nəticələnə bilər. SİA-nın məlumatına görə, bu ehtimalla "El" Hərəkatı sədrinin müavini Zəfər Quliyev mətbuata verdiyi açıqlamasında çıxış edib.

Onun sözlərinə görə, hazırda əməkdaşlığın çərçivəsi və istiqamətləri müzakirə olunur: "Aparılan danışıqların nəticəsindən asılı olaraq, yaxın zamanlarda Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi reallaşacaq".

Qeyd edək ki, İctimai Palatanın öz işinə xitam verməsindən sonra Müsavat başqanı İsa Qəmbər adıçəkilən qurumun yerinə "Düşüncə Mərkəzi" yaratmağı və həmin mərkəzdə siyasi partiyaların birləşməsini təklif edib. Bir sıra ekspertlər isə "Düşüncə Mərkəzi"nin Milli Şuraya alternativ olacağını istisna etməyiblər.

Xatırladaq ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra partiyanın AXCP ilə münasibətlərində gərginlik yaşanır və bu səbəbdən, "Düşüncə Mərkəzi"nin xüsusilə, parlament seçkiləri ərəfəsində Milli Şuraya alternativ qurum kimi fəaliyyət göstərəcəyi iddia edilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə