Ombudsman Aparatı Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə paytaxtda və regionlarda, icmalarda, həmçinin QHT-lər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilən silsilə tədbirlər keçirilib. SİA-nın məlumatına görə, Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Qax rayonunun Qarabaldır, Oğuzun Tərkeş və Xaçmaz kəndlərində, Mingəçevir şəhər 7 saylı, Şəki şəhər 21 saylı, İsmayıllı rayon 3 saylı, habelə Talıstan və Cülyan kənd tam orta məktəblərində tədbirlər təşkil ediblər.
Regional mərkəzin rəhbəri Pərviz Məmmədov çıxışında qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Azərbaycanın Xocalı şəhərində törətdiyi qanlı cinayət nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq və 70 qocanın həyatına son qoyulub, 487 dinc sakin şikəst olub, 1275 nəfər əsir və girov götürülüb. İtkin düşmüş 150 nəfərin taleyinin indiyədək məlum olmadığı, soyqırımı həyata keçirilərkən 8 ailənin bütünlüklə məhv edildiyi, 25 uşağın hər iki valideynindən, 130 uşağın isə valideynlərinin birindən məhrum edildiyi vurğulanıb.
Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsinin, terror əməllərinə qarşı qəti tədbirlər görülməməsinin qəzəb və təəssüf hissi doğurduğu diqqətə çatdırılıb.
Bildirilib ki, ölkə rəhbərliyi və Azərbaycan diaspor təşkilatları tərəfindən həyata keçirilən ardıcıl iş nəticəsində artıq bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı soyqırımının tanındığı, o cümlədən ABŞ-ın bir sıra ştatları tərəfindən Xocalı faciəsi ilə bağlı müvafiq qətnamələrin qəbul edildiyi bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və maarifləndirmə kampaniyasının Qarabağ haqqında həqiqətlərin dünyaya çatdırılmasında uğurlu strategiyalardan olduğu vurğulanıb.
Quba Regional Mərkəzi əməkdaşlarının Qusar şəhər 2 saylı, Siyəzən şəhər 1 saylı, Quba şəhər 3 saylı və Xızıdakı Giləzi qəsəbə orta məktəblərində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı keçirdikləri tədbirlərdə Xocalıda törədilən, ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə müşayiət olunub kütləvi qırğının əsl vəhşilik, genosid olduğu qeyd edilib.
Hər il nüfuzlu beynəlxalq qurumlara, müxtəlif ölkələrin Ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycan diaspor təşkilatlarına ünvanladığı Bəyanatlarında Müvəkkilin səlahiyyətli beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu münaqişənin həllinə yönəlmiş səylərini daha da artırmağa, Xocalı soyqırımını genosid aktı kimi tanımağa, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırdığı diqqətə çatdırılıb.
Adı çəkilən regional mərkəzlərin təşkil etdiyi tədbirlərdə Ombudsmanın Bəyanatı səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB