Ramil Hüseynov: “Eldəniz Quliyevin səviyyəsinə enmək istəmirik”

"Eldəniz Quliyev səviyyəsiz bir insandır. Ona cavab verərək, onun səviyyəsinə enmək istəmirik". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynov "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin "VİP adlı oyuncaq siyasi qurum, əslində, Azərbaycan siyasətinin babasil xəstəliyi kimi bir şeydir və bu mərəz cərrahi əməliyyatla aradan qaldırılmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.

Məhkəmə prosesinin davam etdiyini bildirən partiya rəsmisi, həmçinin, qeyd edib ki, Eldəniz Quliyevin layiqli cavabını məhkəmə verəcək: "Eldəniz Quliyevə layiqli cavab veriləcək. Onun barəsində danışıb özümü yormaq və vaxtımı əbəs yerə xərcləmək istəmirəm".

Qeyd edək ki, VİP sədri Əli Əliyev və sədr müavini Ramil Hüseynovla, Eldəniz Quliyevin arasında yaranmış qalmaqal artıq məhkəmə müstəvisində davam edir. Belə ki, bir neçə gün öncə VİP sədri Əli Əliyev Eldəniz Quliyevi məhkəməyə verib. Eldəniz Quliyev isə "Əli Əliyev təəssüflər ki, səsi bərk, içi bombalam-boş olan bir nağaranı xatırladır!" ittihamını irəli sürüb.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə