Bu ilin fevralın 20-də Dövlət İdarəçilik Akademiyası Hüquq Klubunun təşəbbüsü ilə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri, Vəkillər Kollegiyası Rəyasət heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü Anar Bağırovla Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının tələbələrinin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşü giriş sözü ilə açan Hüquq Klubunun sədri Təbriz Raufoğlu bu cür görüşlərin keçirilməsinin faydalılığını vurğulayıb: "Belə görüşlər Akademiya tələbələrinin ictimai təşəbbüskarlığının artmasına, fəal tələbə mühitinin formalaşmasına, tələbələrin nəzəri biliklərinin praktiki tərəflərinin möhkəmləndirilməsinə müsbət təsirini göstərir. Biz hər zaman klub olaraq ictimai təşəbbüskarlığın birmənalı dəstəkçisi olmuşuq və bu fəaliyyətin effektiv nəticələrinin olacağına ümidlərimiz kifayət qədər yüksəkdir".
Anar Bağırov isə tələbələrə əsasən Azərbaycanda mövcud olan vəkillik institutundan, ümumi vəkillik fəaliyyətindən və öz vəkillik təcrübəsində olmuş maraqlı məqamlardan danışıb. Vəkil peşəsinin şərəfli peşə olduğunu tələbələrin nəzərinə çatdıran A.Bağırov bu sənətin perspektivlərini tələbələr üçün aydınlaşdırıb.
Daha sonra görüş interaktiv qaydada davam etdirilib. Müxtəlif mövzularla bağlı uzun və maraqlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB