Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri din xadimləri, ziyalılar, xocalılılar və digərləri iştirak edib.
Tədbirdə ilk çıxış edən QMİ sədri Hacı Allahşükür Paşazadə Xocalıda və Qarabağda şəhid olanlara rəhmət diləyib və şəhidlərin ailələrinə başsağlığı verib. Seyxüllislam faciənin tanıdılması ilə bağlı ölkədə görülən işlərdən danışıb: "Faciənin dünyada tanıdılması ilə əlaqədar artıq neçə ildir ki, mühüm işlər görülür və bu işlərin nəticəsidir ki, bu gün bir çox ölkələr faciəni tanıyır qiymət verir".
A.Paşazadə ölkəmizdə şəhid adına xələl gətirənlərdən də danışıb: "Çox təəssüf ki, ölkəmizdə şəhid adına xələl gətirənlər var. Şəhid vətənində, öz torpağında şəhid olandır. Bunun arxasında xarici qüvvələr dayanır. Amma öz niyyətlərinə çatmayacaqlar".
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, faciəni törətməkdə əsas məqsəd azərbayanlıların iradəsini əzmək idi. Onun sözlərinə görə, faciə hər bir azərbaycanlının qan yaddaşına həkk olunub və ədalət tezliklə bərpa olunacaq.
Daha sonra söz alan millət vəkili Fəttah Heydərov da faciənin dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb. O bildirib ki, artıq bir çox ölkə parlamenti faciə ilə bağlı rəsmi sənəd qəbul edib və bu işlər bundan sonra da davam etdiriləcək.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı 22 il bundan qabaq ölkəmizə, xüsusilə də xocalılılara qarşı törədilən vəhşiliklərdən danışıb. O deyib ki, istər Xocalıda, istərsə də Qarabağ müharibəsində şəhid olanları qanı yerdə qalmayacaq.
Daha sonra çıxış edənlər Azərbaycan tarixən bu cür soyqırlalara məruz qaldığını vurğulayıblar.
Çıxışçılar düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə qaytarılacağına əmin olduqlarını soyləyiblər.
Tədbirdə xocalılılar da 22 il bundan qabaq baş verənləri xatırlayaraq başlarına gətirilən faciədən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB