Zahid Oruc: “Bir dövlətin başqa bir ölkənin ərazilərini işğal etməsi amansız hadisədir” AÇIQLAMA

Zahid Oruc: “Bir dövlətin başqa bir ölkənin ərazilərini işğal etməsi amansız hadisədir” AÇIQLAMA

"Son illər ərzində Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində çox böyük işlər görülür". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.

Parlament üzvünün sözlərinə görə, Azərbaycan dövlətinin və xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə hədəfə yönələn strategiya nəticəsində bir çox ölkə, o cümlədən Amerika Birləşmiş Ştatlarının (ABŞ) 6 ştatı, Xocalı soyqırımının siyasi tanıtım qərarlarında iştirak edib: "İstənilən parlamentari, siyasətçi, dövlət adamı sual edəndə ki həmin hadisə necə baş verib, bu zaman bütün təfərrüatlar üzə çıxır. Bir dövlətin başqa bir ölkənin ərazilərini işğal etməsi məhv etmək planının tərkibində dayanan amansız hadisədir.

Azərbaycan prezidenti İlham Əliyevin "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamı və həmin sərəncamla 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manatın ayırılması onu sübut edir ki, görülən işlər mahiyyətcə dəqiq bir xəttə söykənir".

Xatırladaq ki, bu il fevralın 26-da Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımdan 22 il ötəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Soyqırımı akt nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə