Müşviq Ələsgərli: “Mən bunu nəinki müxalifət, hətta düşmən mövqeyi adlandırardım” AÇIQLAMA

Müşviq Ələsgərli: “Mən bunu nəinki müxalifət, hətta düşmən mövqeyi adlandırardım” AÇIQLAMA

"Çox təəssüf ki, biz bu kimi hallara tez-tez rast gəlirik. Hesab edirəm ki, onlar ya fikirlərini ifadə edə bilmirlər, ya da ki arqumental bazaları çox zəifdir". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli QHT rəhbəri Vüsalə Hüseynlinin ölkə mətbuatının inkişafdan geri qalması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

M. Ələsgərlinin sözlərinə görə, əgər bu insan ictimai şəxsdirsə, o media haqqında qanunları bilməlidir: "Çünki media ictimai-siyasi gündəmin tərkib hissələrindən biridir və onun vacib elementi sayılır. Düşünürəm ki, onun arqumental bazasının özü qüsurludur. Bu məsələnin kökündən yanlış olduğu artıq mediada isbat olunub. Cənab Prezident İlham Əliyev 2010-cu ildən, 2013-cü ilə kimi 4 dəfə jurnalist auditoriyası ilə görüş keçirib. Bildiyiniz kimi, 2010-cu ildə Azərbaycan Mətbuat Şurasında dövlət başçısının rəhbərliyi ilə geniştərkibli görüş keçirildi. 2011-ci ildə "Gülüstan" sarayında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə görüş oldu. 2013-cü ildə jurnalistlər üçün inşa olunan binanın açılış mərasimində ölkə başçısı iştirak etdi. Burada Prezident İlham Əliyev nəinki jurnalistlərlə görüşdü, onlarla təkbətək şəkil çəkdirdi, eləcə də media nümayəndələrinin suallarına cavab verdi. Bununla belə 2013-cü ilin noyabrın 24-də jurnalistlərlə növbəti görüş reallaşdırıldı və cənab İlham Əliyev jurnalistlərin dostu elan edildi".

"Mən başa düşə bilmirəm ki, V. Hüseynli hansı arqumentlərə əsaslanaraq bu kimi iddialar yayır? Hesab edirəm ki, Azərbaycan mediası kifayət qədər peşəkar mediadır və bu istiqamətdə də işlər davamlı olaraq gedir. Düşünürəm ki, QHT-nin mövqeyi şəxsi marağa görə dəyişməməlidir. Mən bunu nəinki müxalifət, hətta düşmən mövqeyi adlandırardım"- deyə, MŞ sədrinin müavini sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə