AŞPA-nın yeni sədri: "Azərbaycan nümayəndə heyəti ilə münasibətlərim yaxşıdır"

AŞPA-nın yeni sədri: "Azərbaycan nümayəndə heyəti ilə münasibətlərim yaxşıdır"

"Neçə illər burada Azərbaycan nümayəndə heyəti ilə işləmişəm və onlarla çox yaxşı münasibətlərim var. Bundan başqa, 2012-ci ildə Azərbaycan parlamentinin sədri ilə görüşmə imkanım olub. Təbii ki, bəzi məsələlərdə fərqli baxışlarımız ola bilər, amma əsas olan dialoqun olmasıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri An Brasör keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər şey danışıqlardan keçir, danışmasaq, müzakirələr aparmasaq, bu və ya digər məsələlərdə irəliləyişə nail ola bilmərik: "Eyni zamanda, hər hansı bir ölkəyə münasibətdə onun tarixini, mədəniyyətini də tanımalıyıq. Assambleyada uzun illərdir tanıdığım Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə çox yaxşı münasibətlərim var və hesab edirəm ki, bu və ya digər məsələlərdə biz birgə işləməklə yavaş-yavaş hansısa irəliləyişlərə nail ola bilərik. Xüsusilə də qarşıdan Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövrünün gəldiyi bir vaxtda".

A. Brasör Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərlə bağlı suala cavabında qeyd edib ki, hələ bu mərhələdə deyilik: "Hələ ki, səfərlərlə bağlı mərhələdə deyilik. Çünki bilinmirdi ki, kim seçiləcək. Hələ heç bir səfər nəzərdə tutulmayıb. İndi işləri sürətləndirmək lazımdır".

Yeni sədr digər məsələlərin önəmini azaltmadan 5 məsələyə xüsusi diqqət yetirəcəyini bəyan edib: "AŞ PA sədri kimi səlahiyyət müddətində digər məsələlərin önəmini azaltmadan 5 məsələyə xüsusi diqqət yetirəcəyəm. Bunlar rasizm, antisemitizm, ksenofobiya hallarının artmasına qarşı mübarizə, Şimali Afrika, Yaxın Şərq və Orta Asiya ölkələri ilə "Demokratiya naminə tərəfdaşlıq" çərçivəsində əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, Avropa İttifaqı ilə əməkdaşlıq və təşkilatımızın prosedur qaydalarında islahatların aparılmasıdır".

A. Brasör qeyd edib ki, Avropa Şurasının məqsədi Avropa hüquq məkanı qurmaqdır: "Bu, qitəmizin sabitliyinin yeganə qarantıdır. Buna görə də bizi ayıran yox, bizi birləşdirən dəyərlərə önəm verməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə