Yəhudi Xəbərlər Agentliyi: “Müdrik qərar”

Yəhudi Xəbərlər Agentliyi: “Müdrik qərar”

Yəhudi Xəbərlər Agentliyi (YXA) "Müdrik qərar" adlı məqalə dərc edib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamından bəhs edilir.

Məqalədə qeyd olunur ki, bu əlavə tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Dini Mədəniyyətin İnkişafı" fonduna 3 milyon manat (cari valyuta məzənnəsi üzrə 3,8 milyon dollar) vəsait ayrılmalıdır.

Məşhur tarixçi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun aparıcı elmi işçisi Moşe Bekker deyib: "Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri ondan ibarətdir ki, respublikada bütün xalqların və dinlərin nümayəndələri bir ailə kimi firavan yaşayır, bütün hüquqlardan istifadə edirlər. Azərbaycanda bu fenomen ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə mövcuddur".

Moşe Bekkerin fikrincə, bu fenomenin səbəbləri Azərbaycanda dini mədəniyyətin ardıcıl inkişaf etdirilməsindən, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqların yüksək səviyyədə dəstəklənməsindən ibarətdir.

Lakin insanların mədəni dəyərlərə yiyələnməsi, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqların inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsi üçün müəyyən vəsait tələb olunur. Buna görə də sevindirici haldır ki, Azərbaycan dövləti müsəlman, yəhudi və xristian konfessiyalarını, dini icmaların fəaliyyətini maddi cəhətdən dəstəkləyir.

Moşe Bekker yəhudi xəbərlər agentliyinə müsahibəsində vurğulayıb: "Hazırda Bakıda Tolerantlıq Mərkəzi yaradılması ilə əlaqədar iş başa çatmaq üzrədir. Həmin mərkəzdə mən yəhudi icmalarının mənafelərini təmsil edirəm.

Azərbaycan Prezidenti tərəfindən ayrılmış 3 milyon manat məbləğində əlavə vəsait, heç şübhəsiz, dini mədəniyyətin və tolerantlığın inkişafına xidmət edəcək, mənəvi fenomen üçün maddi baza olacaqdır. Məhz bu fenomen sayəsində Azərbaycan tarixində heç vaxt dini və milli zəmində ayrı-seçkilik və ya qarşıdurma olmamışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə