20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilib

20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilib

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyi və "Belçika – Cənubi Qafqaz tədris və strateji araşdırmalar Mərkəzi"nin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün mərasim təşkil edilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, mərasim 20 yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan olunub.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial nümayiş etdirilib.

Səfir Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat veriblər. Natiqlər sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyi, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib, doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdə çıxış edən digər məruzəçilər, o cümlədən Brüsseldə fəaliyyət göstərən "CeCeForma" qeyri-hökumət təşkilatının rəhbəri Mişel İvor 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdikləri fikrini vurğulayaraq, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayıblar.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı tələbələr, Səfirlik və NATO yanında nümayəndəliyimizin əməkdaşları və ailə üzvləri iştirak ediblər.

Mərasim Brüsseldə fəaliyyət göstərən türkdilli media orqanları tərəfindən işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə