Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilib
Gürcüstan azərbaycanlılarının yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində "Borçalı İrəli" İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Birliyin sədri Məhəbbət İmanov çıxış edərək qanlı 20 Yanvarın xalqımızın müstəqillik tarixinin şanlı səhifələrindən olduğunu vurğulayıb. O qeyd edib ki, Bakıda Azərbaycanın müstəqilliyi uğrunda meydana çıxan dinc əhali təpədən dırnağadək silahlanana sovet ordusuna sinə gərərək müstəqillik amalından dönmədi. Vətənin igid övladlarının qanı bahasına qazanılan müstəqillik Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əbədi və dönməz xarakter aldı. Məhz Ulu Öndərin təşəbbüsü ilə bu faciəyə hüquqi-siyasi qiymət verildi.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov ötən əsrin sonlarında baş verən hadisələri təhlil etmiş, ermənilərin fitnəsi ilə imperiya rəhbərliyinin dinc əhaliyə divan tutmasının təsdiqinə dair faktlara dünya birliyinin hələ də laqeyd münasibət göstərməsindən təəssüfləndiyini bildirib: "Tbilisidə 9 Aprel, Bakıda 20 Yanvar faciələrinin bu ölkələrdəki milli azadlıq hərəkatının boğulması məqsədilə törədildiyi halda, Ermənistanda baş verənlərə göz yumuldu".
SSRİ rəhbərliyinin şirnikləndirdiyi ermənilərin tarixi torpaqlarımızı işğal etdiklərini deyən diplomat Azərbaycan həqiqətləri qarşısında ermənilərin saxta təbliğat maşınının məhvə məhkum olduğunu vurğulayıb.
Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia eyni taleli ölkələrimizin haqq işinin mütləq qalib gələcəyinə əmin olduğunu bildirdi və gəncləri yaxın keçmişimizin tarixini dərindən öyrənməyə çağırdı. Professor qeyd edib ki, heç kəsin 20 Yanvar və 9 Aprel faciələrini unutmağa haqqı yoxdur: "Həmin günlər kədərli olduğu qədər də tariximizin qürurlu və şanlı səhifələridir. Şəhidlərimizin qanı hesabına qazanılan müstəqilliyimizi qorumaq hamımızın borcudur".
Q.Marxulia əmin olduğunu vurğulayıb ki, xain qonşuların fitnə və hiyləsi ilə ərazi bütövlüyümüzə qəsd faktlarının qarşısı tezliklə alınacaq və əbədi, əzəli torpaqlarımızı qaytaracağıq.
Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) rəhbəri Samirə İsmayılova yeni təsis olunmuş "Borçalı İrəli" İctimai Birliyinə uğur diləyib və xalqımızın qan yaddaşı - 20 Yanvar, Xocalı faciələri, Dağlıq Qarabağ problemi barədə həqiqətlərin gürcü ictimaiyyətinin diqqətinə çatdırılması işində fəal olmağa çağırıb.
O, GATA-nın təşəbbüsü ilə Tbilisidə 20 Yanvar faciəsinə həsr edilən tədbir keçiriləcəyini, bu toplantıya azərbaycanlılarla yanaşı, gürcü gənclərin də dəvət olunduğunu bildirib.
S.İsmayılova GATA-nın yeni qurumla səmərəli əməkdaşlığa hazır olduğunu da qeyd edib.
İqtisadi məsələlər üzrə ekspert Aygün İsayeva, "Borçalı İrəli" İctimai Birliyinin icraçı katibi Elşən Vəliyev, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları 20 Yanvar faciəsi səbəbkarlarının layiqli cəzalarını alacaqlarına, dünya birliyinin bu fakta beynəlxalq hüquq normaları çərçivəsində qiymət verəcəyinə əmin olduqlarını vurğulayıblar.
Həmçinin gürcü ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə daha ətraflı məlumatlandırılması üçün qarşıda duran vəzifələrdən söhbət açıblar.
Tədbirdə "Qan yaddaşımız" filmi və faciəyə həsr olunana foto-stend də nümayiş olunub.
Sonda səmaya rəmzi olaraq 20 şar buraxıllıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB